Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan konfrans keçirilib
14.03.2018 11:19
  • A-
  • A
  • A+

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan konfrans keçirilib

Martın 14-də Ombudsman Aparatında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib.

AMEA-nın Tarix İnstitutu ilə birgə təşkil edilən konfransda əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ombudsman Elmira Süleymanova bildirib ki, erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və təcavüz siyasəti 200 illik tarixə malikdir. 1918-ci il martın 30-31-də bədnam Bakı kommunasının başçıları və şovinist ermənilər müsəlman əhaliyə qarşı tarixdə görünməmiş qırğın törədiblər. Silahlı erməni-bolşevik birləşmələrinin 31 mart və 1-2 aprel tarixlərində azərbaycanlılara qarşı törətdikləri qırğınlar kütləvi xarakter daşıyıb, erməni silahlı dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib.

Qeyd edilib ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq olub. Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törədilən soyqırımıdır.

Sonra Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, ermənilər iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı soyqırımları, kütləvi qırğınlar, amansız cinayətlər törədiblər. 1918-ci ilin martında erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində törədilən soyqırımları nəticəsində on minlərlə dinc azərbaycanlı qətlə yetirilib. 1918-ci ilin mart ayından etibarən azərbaycanlı əhali erməni millətçiləri tərəfindən yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb. Azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilib. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib, 7 min nəfər öldürülüb. Erməniləri Azərbaycan ərazisinə köçürən qüvvələrin hər zaman onları müdafiə etdiyini deyən Y.Mahmudov tarixdə ermənilərə qarşı soyqırımının olmadığını, lakin ermənilər tərəfindən dəfələrlə soyqırımının törədildiyini söyləyib. Ermənilərin törətdiyi cinayətlər bütün dünya tarixi üçün silinməz ləkədir. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verib. Lakin ona hələ də beynəlxalq səviyyədə tam qiymət verilməyib.

Tarix İnstitutunun direktoru vurğulayıb ki, Azərbaycan dövlətinin gördüyü işlər nəticəsində bu gün artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar ölkəmizin haqq işini müdafiə edir və getdikcə daha çox ölkə Ermənistanı işğalçı dövlət kimi tanıyır.

Konfrans mövzu ilə bağlı məruzələrlə davam edib.

Tədbir çərçivəsində 31 mart soyqırımı ilə bağlı kitab sərgisi nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: