Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.03.2018 09:32
  • A-
  • A
  • A+

“Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası” mövzusunda müzakirələr aparılıb

“Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası” mövzusunda müzakirələr aparılıb

Martın 13-də Astara şəhərində rayon icra hakimiyyəti, Kənd Təsərrüfatı İdarəsi və AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə  “Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası” mövzusunda elmi-praktik seminar keçirilib.

Tədbirdə çıxış edən Astara Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin Astarada da uğurla həyata keçirildiyini bildirib. Qeyd edib ki, çayçılığın və sitrusçuluğun inkişafı ilə bağlı Dövlət proqramlarının qəbul edilməsi bu sahələrin inkişaf etdirilməsinə, daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə, ölkənin aqrar potensialını gücləndirəcək.

Vurğulanıb ki, Dövlət Proqramında çayçılığın və sitrusçuluğun elmi təminatının və kadr potensialının artırılması, dövlət dəstəyi tədbirləri, marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi kimi məsələlər də nəzərdə tutulub.

Daha sonra çıxış edən Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev çay və sitrus plantasiyalarının salınmasından, əkin və becərmə zamanı düzgün aqrotexniki qulluğun göstərilməsindən danışıb.

Seminarda Hirkan Milli Parkının direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Hacıağa Səfərov, Lənkəran Dövlət Universitetinin kimya-biologiya fakültəsinin dosenti İsa Hüseynov, Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov və fermerlər mövzu ilə bağlı təkliflərini səsləndiriblər.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: