Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

"Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər" mövzusunda elmi simpoziuma yekun vurulub
10.03.2018 10:26
  • A-
  • A
  • A+

"Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər" mövzusunda elmi simpoziuma yekun vurulub

Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında "Azərbaycanda mu­ğam elmi: reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq elmi sim­po­ziumun bağlanış mərasimi keçirilib.

Mərkəzi Elmi Kitabxanada təşkil olunan tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. Akademik bildirib ki, Heydər Əliyev Fondu, AMEA, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutan simpoziumda Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, Türkiyə, İran, Qazaxıstan və Özbəkistandan dəvət olunmuş xarici qonaqlar da iştirak ediblər. Natiq qeyd edib ki, martın 7-də öz işinə başlayan simpozium çərçivəsində Bakıda "Muğam Şərq lad sisteminin milli interpretasiyaları", "Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqiterapiya", "Muğam – makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöq­tə­si kimi", "Muğam yaradıcılığı elm və sənətin qovşağında", "Muğamın inkişaf yolları – tarix və müasirlik", Gəncədə isə "Azərbaycan muğamın konseptual mahiyyəti, dil və ritmik özəllikləri" mövzularında bölmələr təşkil olunub. Akademik İsa Həbibbəyli bölmələrdə muğam sənətinin tarixi inkişaf prosesi, formalaşması, janr xüsusiyyətləri və digər istiqamətlərdə müzakirələr aparıldığını diqqətə çatdırıb. O, simpoziuma təqdim olunan elmi məqalələrdən ibarət kitabın və muğamla bağlı çap olunmuş digər nəşrlərin əhəmiyyətindən danışıb. Akademik İsa Həbibbəyli "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutan simpoziumun öz məqsədinə çatdığını vurğulayıb.

Sonra simpoziumun bölmə rəhbərlərinin hesabatları dinlənilib. Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki, "Muğam – makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi" mövzusundakı bölmə iclasında yerli və xarici mütəxəssislərin iştirakı ilə 9 məruzə dinlənilib. O, muğamşünaslığın mükəmməl bir elmə çevrildiyini qeyd edərək simpoziumun da onun nəticəsi olduğunu bildirib.

AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli bildirib ki, "Muğam Şərq lad sisteminin milli interpretasiyaları", "Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqiterapiya" mövzusundakı bölmə iclasında məruzələr dinlənilib. Natiq bildirib ki, keçirilən simpozium muğam sənətinin, eyni zamanda milli mədəniyyətimizin inkişafına müsbət təsir edəcək. Akademik Teymur Kərimli toplantının yüksək səviyyədə keçdiyini qeyd edərək materialların elektron formatda internetdə yerləşdiriləcəyini söyləyib.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov "Muğam yaradıcılığı elm və sənətin qovşağında", "Muğamın inkişaf yolları – tarix və müasirlik" mövzusundakı bölmə iclasında dinlənilən məruzələrdən, onların əhəmiyyətindən danışaraq simpoziumun məqsədinə çatdığını vurğulayıb. Akademik Muxtar İmanov gələcəkdə Beynəlxalq Muğam Mərkəzi ilə əməkdaşlıq çərçivəsində tədbirlər keçirməyi planlaşdırdıqlarını qeyd edib.

Sonda AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin Gəncə şəhərində keçirilən "Azərbaycan muğamın konseptual mahiyyəti, dil və ritmik özəllikləri" mövzusundakı bölmə iclası haqqında məlumatı da dinlənilib.

Sonra digər tədbir iştirakçıları çıxış edərək simpoziumun əhəmiyyətindən, əldə olunan nəticələrdən, gələcək əməkdaşlıq imkanlarından danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: