Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycan muğamının konseptual mahiyyəti: dil və ritmik özəllikləri” mövzusunda elmi simpozium keçirilib
09.03.2018 17:01
  • A-
  • A
  • A+

“Azərbaycan muğamının konseptual mahiyyəti: dil və ritmik özəllikləri” mövzusunda elmi simpozium keçirilib

Martın 9-da  AMEA-nın Gəncə Bölməsində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində elmi simpozium keçirilib.  

Tədbirdə Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, Qazaxıstan, Türkiyə, İran və Özbəkistandan dəvət olunmuş qonaqlar iştirak ediblər.

Simpoziumu giriş nitqi ilə açan AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli beynəlxalq muğam festivalının ölkəmizin mədəni həyatında ən əlamətdar hadisələrdən biri olduğunu söyləyib. 

Vurğulanıb ki, bu möhtəşəm tədbir dünyanın bir çox görkəmli musiqiçilərinin və musiqişünas-alimlərinin diqqət mərkəzindədir və hər dəfə öz dairəsini genişləndirir. Muğamın şifahi ənənəli musiqi sənəti kimi tədqiqi artıq dünya musiqi elminin prioritet məsələlərindən birinə çevrilib.

Daha sonra çıxış edən Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev xalqımızın muğam sənətinə hörmət və sevgisindən, muğam sənətinin formalaşma mərhələlərindən, eləcə də milli mədəniyyətimizin inkişafına göstərilən dövlət qayğısından danışıb.

Tədbirdə Türkdilli ölkələrin Musiqi qrupları şurasının üzvü Quzel Sayfullina, Macarıstan Elmlər Akademiyası Musiqişünaslıq İnstitutunun professoru Yanos Şipoş, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Folklor İnstitutunun şöbə müdiri, professor Nailə Rəhimbəyli çıxış ediblər.

Simpoziumda Azərbaycan Milli Konservatoriyasının dosenti Fəxrəddin Baxşəliyev “Muğam sənəti ilə təsəvvüf fəlsəfəsinin əlaqə prinsipləri” mövzusunda məruzəsini təqdim edib.

Sonda AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, Əməkdar elm xadimi Xəlil Yusifli çıxış edərək xalq musiqisi sənətinin inkişafı üçün dəyərli layihə olan muğam festivalının xalq yaradıcılığına böyük diqqət və qayğının göstəricisi olduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: