Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur
02.03.2018 09:45
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Martın 5-də Azərbaycanın folklorşünas alimi, Folklor İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əlyevin 65 yaşı tamam olur.

Kamran Əliyev 1953-cü il mart ayının 5-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Diyadin kəndində anadan olub. 1969-cu ildə Şərur rayonunun Tumaslı kənd orta məktəbində təhsilini başa vuraraq, həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olub. 1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirən K.Əliyev 1974-1976-cı illərdə Şərur rayonunun Xanlıqlar kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib..

O, 1976-1979-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1979-1992-ci illərdə həmin institutda kiçik elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 1993-cü ildən Naxçıvan Universitetində müəllim, 1994-2001-ci illərdə həmin universitetdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, eləcə də tədris işləri üzrə prorektor işləyib. Alim 2002-ci ildən AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, 2012-ci ildən isə Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışır.

K.Əliyev 1980-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə isə filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 2017-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Alim 20 kitabın, o cümlədən 10 monoqrafiya, 250-yə yaxın məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 10 namizədlik dissertasiyası müdafiə edilib. K.Əliyev, həmçinin 16 doktorluq və 49 namizədlik dissertasiyasının rəsmi opponenti olub.

O, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.

Görkəmli folklorşünas alimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və elmimizin tərəqqisi yolunda yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: