Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib
22.02.2018 13:34
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Bakı bölməsində növbəti astroseminar keçirilib.

Tədbirdə ŞAR-ın elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış edərək astroseminar haqqında məlumat verib.

Sonra rəsədxananın Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin böyük elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İzzət Salmanov “Qalaktikalar haqqında ekspress informasiya” mövzusunda məruzə ilə çıxış edib.

Bildirilib ki, ABŞ-ın Karnegi Elm İnstitutunun bir qrup tanınmış aliminin birgə tədqiqatlarının nəticəsində kainatda, bizdən 13 milyard işıq ili məsafədə ən uzaq kvazar aşkarlanıb. Onun mərkəzindəki qara dəliyin kütləsi ifrat dərəcədə çox - 8108 G.k qədərdir və belə obyektin əmələ gəlməsi müasir kosmoqonik nöqteyi-nəzərdən çox tezdir.

Daha sonra həmin şöbənin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Nazim Hüseynov “Qalaktikalar” mövzusunda məruzəsində qeyd edib ki, qalaktikaların kəşfi kainatda zamana görə baş verən dəyişikliklərin tədqiqində və kainatın yaranması haqqında yeni elmi dünyagörüşün formalaşmasında mühüm rol oynayıb.

N.Hüseynov qalaktikaların spektrində müşahidə olunan qırmızı sürüşmə haqqında da ətraflı məlumat verib. Qalaktikaların spektrində qırmızı sürüşmənin və ardınca qalaktikaların bir-birindən uzaqlaşmasının ümumi qanununun kəşfi kainatın genişlənən olmasını göstərib. Bu kəşf yaranan və məhv olan dünyalar haqqında təsəvvürün formalaşmasına, ümumən kosmologiya elminə böyük töhfələr verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: