Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.02.2018 13:05
  • A-
  • A
  • A+

AMEA-nın Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib

AMEA-nın Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib

Fevralın 16-da AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır” mövzusuna həsr olunmuş birgə elmi sessiyası keçirilib.

Akademiyanın Rəyasət Heyətinin binasında təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər akademiyanın müxtəlif qurumlarla, nazirlik və dövlət komitələri ilə müştərək tədbirlər keçirməsinin artıq ənənə halını aldığını deyib. Qeyd edib ki, məqsəd dövlətin qurumlar qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək üçün daha mütəşəkkil və koordinasiyalı fəaliyyət göstərməkdir. AMEA rəhbəri elmi sessiyada Azərbaycanda tibb elmi və səhiyyə sahəsində mövcud vəziyyətin geniş müzakirə ediləcəyini, qarşıda duran vəzifələr müəyyənləşdirilərək birgə fəaliyyət proqramının qəbul olunacağını bildirib.

Akademik Akif Əlizadə respublikada səhiyyənin inkişaf etdirilməsinin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu söyləyərək ölkə başçısı İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qayğısı, humanist təşəbbüsləri sayəsində ölkəmizdə səhiyyə sahəsində xeyli işlər görüldüyünü, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildirib: “Hazırda ölkəmizin səhiyyə sistemində uğurlu islahatlar  aparılır, tibb elminin ən son yenilikləri, texnoloji innovasiyalar, müasir müalicə üsulları klinikalarda uğurla tətbiq edilir, həkimlərimizin  peşəkarlıq səviyyəsinin artırılması üçün səmərəli işlər görülür. Belə bir şəraitdə elmin üzərinə xüsusi vəzifələr  düşür. Elm həyata keçirilən bütün bu islahatların önündə getməli, öz yeni bilikləri ilə səhiyyənin perspektiv inkişafını daim stimullaşdırmalıdır. Sessiyanın keçirilməsinin əsas hədəflərindən biri də elmin bu proseslərdə rolunu artırmaqdan ibarətdir”.

Natiq çıxışında Azərbaycanda molekulyar biologiya, biotexnologiya, gen mühəndisliyi və elektron tibb sahəsində görülən işlərdən də danışıb. AMEA prezidenti biotexnologiya, kök hüceyrələri və nüvə tibbi istiqamətləri üzrə birgə laboratoriyaların yaradılmasının vacibliyini vurğulayıb.

Elmi sessiyada AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov “Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri” mövzusunda çıxış edib. Akademik son illər ölkəmizin səhiyyə, o cümlədən tibb elmi və təhsili sahələrinin beynəlxalq miqyasa çıxdığını, bu sahələrin inkişafına əlverişli şərait yaradıldığını və nəticədə yeni tədqiqat imkanlarının açıldığını diqqətə çatdırıb.

Akademik tibb elminin inkişafında Azərbaycan Elmlər Akademiyasının təsis edilməsinin mühüm rolu olduğunu vurğulayaraq, Azərbaycan tibb elminin bu mərhələsini görkəmli alimlər – Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov və Əziz Əliyev kimi şəxsiyyətlərin təmsil etdiyini bildirib. Ə.Əmiraslanov adıçəkilən alimlərlə yanaşı, Azərbaycanda cərrahiyyə elmi məktəbinin təşkilatçılarından – İvan Şirokoqorov, Zərifə Əliyeva, Abdulla Qarayev, Cəlil Hüseynov və digər alimlərin də elmi irsi haqqında danışıb. Qeyd edib ki, bu şəxsiyyətlər Azərbaycan tibb elminin zəngin ənənələrini müasir elmi biliklər və nailiyyətlərlə birləşdirərək elm və səhiyyəmizə böyük töhfələr veriblər.

Alim məruzəsində dünyada orta yaşın dinamikası, genomika, molekulyar biologiya, hüceyrə texnologiyaları və digər prioritet elmi istiqamətlər, o cümlədən ATU Onkoloji Klinikasında elmi fəaliyyətin əsas istiqamətləri haqqında məlumat verib. Periferik sinirlərin mikroskopik səviyyədə tədqiqi, naftalan neftinin və digər təbii mənbələrin klinik-eksperimental tədqiqi, eləcə də bir sıra xəstəliklərin öyrənilməsi istiqamətində əldə olunan nailiyyətlərdən danışıb. Alim bildirib ki, hazırkı mərhələdə konkret məqsəd əhalinin sağlamlığının qorunması üçün elmi tədqiqatları innovativ yüksək texnologiyaların yaradılmasına və tibbi praktikada tətbiqinə yönəltməkdir. Həmçinin natiq elmi tədqiqat resurslarını prioritet istiqamətlərdə cəmləmək, tədqiqat mərkəzlərini müasirləşdirmək, multidisiplinar tədqiat qrupları yaratmaq və mövcud mərkəzlərdən səmərəli istifadə etmək üçün tədqiqatlar aparmağı əsas məqsədlər olaraq sadalayıb.

Sessiyada Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli “Əhalinin sağlamlığının qorunması sahəsində tibb elminin müasir nailiyyətləri”, AMEA-nın müxbir üzvü Nuru Bayramov və ATU-nun Xarici Tələbələrlə iş üzrə dekanı, tibb üzrə fəlsəfə doktoru Orxan İsayev “Kök hüceyrə üzrə tədqiqatların klinik praktikada   əhəmiyyəti”, Milli Onkologiya Mərkəzinin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov “Onkoloji və ürək xəstələrinin diaqnostikası və müalicəsində nüvə tibbinin rolu”, AMEA Fiziologiya  İnstitutunun direktoru, professor Ulduz Haşımova “Azərbaycanda uzunömürlülük fenomeni: tibbi-bioloji və demoqrafik aspektləri”, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun  rektoru, professor Nazim Qasımov “Azərbaycanda qeyri-infeksion xəstəliklərin tibbi-sosial və iqtisadi aspektləri”, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov “Azərbaycanda çox rast gəlinən oftalmoloji patologiyaların yayılması və tibbi-sosial əhəmiyyəti” mövzularında və AMEA Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov biofizikanın tibbdə əhəmiyətinə dair çıxışlar ediblər.

Sonda Səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək, hər iki qurumun rəhbərliyi səviyyəsində keçirilən birgə tədbirin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, səhiyyənin inkişafı və qarşısında duran problemlərin həlli üçün müxtəlif elm sahələrinin nailiyyətlərindən daim bəhrələnilir. Nazir bildirib ki, hazırda Azərbaycan səhiyyəsində uğurlu islahatlar aparılır, elmi tədqiqatların səviyyəsini inkişaf etdirmək üçün tibb müəssisələrin maddi-texniki bazası təkmilləşdirilir, unikal elmi cihazlardan istifadə olunur, tədqiqat institutlarında kadr hazırlığı gücləndirilir. 

O.Şirəliyev çıxışında tibb sahəsi üçün aktual olan bir sıra məsələlərə də toxunub. Səhiyyə sahəsi üçün əhəmiyyətli dövlət proqramlarının icrasından, praktik səhiyyənin hazırki vəziyyətindən, regionlarda tikilib istifadəyə verilən müasir tibb müəssisələrinin və diaqnostika mərkəzlərinin fəaliyyətindən danışıb.

Elmi sessiyada respublikada tibb elminin və səhiyyənin inkişafı ilə bağlı zəruri olan bir sıra istiqamətlər üzrə gələcəkdə AMEA və Səhiyyə Nazirliyi arasında daha səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması və tədbirlərin həyata keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: