Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimləri Prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bəyan ediblər
14.02.2018 13:20
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bəyan ediblər

Hörmətli elm xadimləri və  tədqiqatçı həmkarlarımız!

Gənc elmi nəslin hörmətli nümayəndələri!

Hamımıza yaxşı məlum olduğu kimi, Azərbaycan Respublikası dövlət müstəqilliyi yollarında məsuliyyətli və şərəfli yol keçmiş, böyük nailiyyətlərə imza atmışdır. Ölkəmiz dünyada böyük nüfuz sahibi kimi qəbul olunur. İndi səsimiz Birləşmiş Millətlər Təşkilatının uca kürsüləri səviyyəsinə yüksəlmiş, tərəqqimiz kosmos ölkəsi miqyasına çatmışdır. Möhtəşəm neft-qaz və beynəlxalq nəqliyyat magistralları Azərbaycanı nəhəng addımlarla irəli aparmışdır. Milli ziyalılıq, elm və təhsil böyük sürətlə inkişaf etmiş, Azərbaycan Milli Elmlər Akademiyasında əsaslı islahatlar həyata keçirilmişdir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində əbədilik qazanmışdır.

Bu məqsədyönlü və uzaqgörən dövlət siyasəti ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən ardıcıllıqla və yaradıcılıqla davam etdirilməkdə və xalqımıza daha böyük uğurlar qazandırmaqdadır.

XXI əsrdə müasir Azərbaycanın bütün sahələr üzrə tərəqqisində, sosial yönümlü güclü dövlətə çevrilməsində Prezident İlham Əliyevin strateji baxışlara söykənən modern inkişaf xətti mühüm əhəmiyyətə malikdir. Bu isə dövlət rəhbərimizin balanslaşdırılmış müstəqil xarici siyasət xəttinə və optimallaşdırılmış düşünülmüş daxili siyasətə əsaslanır.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Milli İnkişaf Strategiyası Prezident İlham Əliyev tərəfindən geniş islahatlara istiqamətlənən və ölkəmizə böyük tərəqqi bəxş edən “yeniləşən Azərbaycan modeli” ilə uğurla davam etdirilir.

Prezident İlham Əliyevin müstəqil Azərbaycanın modernləşdirilməsini əks etdirən islahat xətti ölkədə əsaslı dəyişikliklərə, yeniləşən inkişaf tendensiyalarına böyük təkan verir. Möhtərəm Prezidentimizin ölkəmizdə 2016-cı ili “Dərin islahatlar dövrü”, 2017-ci ili isə “Sürətli islahatlar mərhələsi” kimi qiymətləndirməsi respublikamızdakı böyük inkişafın reallıqlarını aydın surətdə əks etdirir. Bu gün ölkədə gedən genişmiqyaslı islahatlar, proqram və layihələr uzun bir strateji dövrü əhatə edir. Bu proseslər isə ölkə rəhbərindən yeni islahatlar aparılması və daha vacib qərarlar qəbul edilməsi tələbini qarşıya qoyur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin böyük gələcəyini təmin edən, strateji əhəmiyyətli qərarlar çıxaran və həmin tarixi qərarları qətiyyətlə həyata keçirməyi məharətlə bacaran görkəmli dövlət xadimi kimi bütün dünyada qəbul olunur və xalqımız tərəfindən sevilir. Azərbaycan ziyalıları, o cümlədən minlərlə elm adamları Prezident İlham Əliyevi əsl lider kimi görür, ona inanır, möhtərəm Prezidentimizin rəhbərliyi ilə irəliyə doğru addımlamağı şərəf işi sayırlar.

Biz, Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edən elm adamları və gənc elmi nəsil ölkəmizin böyük gələcəyinə, milli ziyalılığın və elmin daha böyük inkişafına İlham Əliyevin rəhbərliyi ilə çatmağın mümkünküyünə bütün varlığımızla inanırıq.

Bunu hər kəs dərin səmimiyyətlə etiraf edir ki, Prezident İlham Əliyevin aydın siyasi təfəkkürü, geniş praqmatik gedişləri əsasında Azərbaycan dünyada böyük nüfuz sahibinə, Qərbin enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə, dinamik inkişaf modeli olan ölkəyə çevrilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasında uğurla həyata keçirilən genişmiqyaslı islahatlar və əldə olunan mühüm nailiyyətlər İlham Əliyev siyasətindən dəstək və güc alaraq, yeni elmi nailiyyətlərin qazanılmasına meydan açır.

Biz, Azərbaycan Respublikasının çoxminli elm adamları 2018-ci il aprelin 11-də keçiriləcək Prezident seçkilərində yekdilliklə İlham Əliyevin namizədliyini ürəkdən dəstəkləyir və onu müdafiə edirik.

Xalqımızı, ölkəmizin elmi ictimaiyyətini Prezident seçkilərində mütəşəkkil surətdə iştirak etməyə və Azərbaycanın işıqlı gələcəyi olan İlham Əliyevə səs verməyə çağırırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: