Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Şahin Mustafayev beynəlxalq elmi təşkilatın İdarə Komitəsinə üzv seçilib
01.02.2018 16:59
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayev beynəlxalq elmi təşkilatın İdarə Komitəsinə üzv seçilib

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev Avropanın nüfuzlu elmi təşkilatı olan Ümumi tarix və dünya tarixi üzrə Avropa şəbəkəsinin İdarə Komitəsinin üzvü seçilib. Bu barədə təşkilatın məsul nümayəndəsi Dr. Katia Naumann xəbər verib.

Qeyd edək ki, baş ofisi Almaniyada yerləşən təşkilatın əsas məqsədi dünyada, xüsusilə Avropada qlobal tarixin araşdırılması və tədrisi işinə yardım etmək, bu sahədə alimlərin əməkdaşlığı üçün geniş beynəlxalq elmi platforma yaratmaq, müxtəlif ölkələrdən olan elm adamları arasında bilik və təcrübə mübadiləsi üçün yeni imkanlar açmaq, dünya tarixinin aktual problemləri ilə bağlı beynəlxalq konfranslar təşkil etməkdir. Bu günə kimi Almaniyanın Leypsiq (2005) və Drezden (2008) şəhərlərində, Londonda (2011), Parisdə (2014) mötəbər beynəlxalq konfranslar təşkil edilmiş, bu il isə tədbirin Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan aliminin Ümumi tarix və dünya tarixi üzrə Avropa şəbəkəsinin İdarə Komitəsinin üzvü seçilməsi tarixçilərimizin bu mötəbər elmi qurumun fəaliyyətində və tədbirlərində iştirak etmələrinə imkan yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: