Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
30.01.2018 15:03
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və “Azərbaycan Xalq Cümhuriyyəti”nin yaranmasının 100 illiyi ilə bağlı imzaladığı Sərəncamların əhəmiyyətindən danışıb. Alim Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar bölmədə elmi konfrans və tədbirlərin keçirələcəyini, bu mövzuda interaktiv açıq dərsin təşkil olunacağını diqqətə çatdırıb.

Daha sonra akademik İ.Hacıyev Naxçıvan Muxtar Respublikasının Azərbaycan regionları arasında investisiya reytinqinə görə qalib gəlməsi barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin sədri olduğu “Caspian European Club” Azərbaycanın iqtisadi regionlarının 2017-ci il üçün illik investisiya reytinqini hazırlayıb. Azərbaycan regionlarının investisiya reytinqinin lideri ən yüksək ümumi bal toplamış Naxçıvan Muxtar Respublikası olub. Alim qeyd edib ki, Naxçıvanın ölkəmizin iqtisadi regionlarının 2017-ci il üçün investisiya reytinqində ilk yeri tutması muxtar respublikada aparılan davamlı sosial-iqtisadi inkişafın məntiqi nəticəsidir.

İclasda bölmənin Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Fatmaxanım Nəbiyevanın “Naxçıvan Muxtar Respublikası florasının yeni taksonları və onların əhəmiyyəti” mövzusunda elmi məruzəsi dinlənilib. Naxçıvanın ekoloji mühitinin,  bitki örtüyünün zəngin olduğunu söyləyən məruzəçi bildirib ki, burada 30 faydalı bitki qrupu (yem, qida, dərman, kosmetik, efiryağlı, aşı maddəli, flavanoidli, vitaminli və s.) mövcuddur.

Məlumat verilib ki, təbii yem sahələri olan yay və qış otlaqlarında, kəndətrafı örüşlərdə 1700-ə yaxın yem bitkiləri inkişaf edib. Onların qorunması, introduksiyası və reintroduksiyası üsulları ilə artırılması və bərpası elmi əsaslarla həyata keçirilir.

Tədbirdə bir sıra elmi-təşkilati və cari məsələlərə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: