Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

25.01.2018 15:26
  • A-
  • A
  • A+

Türkiyənin ölkəmizdəki səfiri AMEA-da olub

Türkiyənin ölkəmizdəki səfiri AMEA-da olub

Yanvarın 25-də AMEA prezidenti, akademik Akif Əlizadə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb.

Görüşdə akademik A.Əlizadə Azərbaycan-Türkiyə əlaqələrinin tarixindən, hər iki ölkənin alimlərinin əməkdaşlıq və dostluq münasibətlərindən söz açıb. Azərbaycanda elm və təhsilin inteqrasiyası, həmçinin elmi-innovativ layihələr barədə məlumat verən akademik A.Əlizadə Türkiyənin müvafiq elmi qurumları ilə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ədəbi əlaqələrimizin tarixindən danışıb, ölkələrimiz arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. İkitərəfli əməkdaşlığın bir çox sahələrdə sürətlə inkişaf etdiyini söyləyən alim qarşılıqlı səfərlərin, imzalanan çox sayda sənədlərin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırıb.

Səfir E.Özoral səmimi görüşə və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə AMEA-nın rəhbərinə təşəkkürünü bildirib. 

Görüşdə iki ölkə arasında elmi əməkdaşlığın inkişafı, müştərək elmi tədqiqatların təkmilləşdirilməsi istiqamətində hazırkı imkanlar müzakirə edilib. Həmçinin  cari ilin aprel ayında Türkiyə alimlərinin iştirakı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan beynəlxalq simpoziumun,  cari ilin sentyabr ayında isə 1918-ci il Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100-cü ildönümünə həsr olunan birgə beynəlxalq tədbirin keçirilməsi qərara alınıb.

Sonda E.Özoral Azərbaycan alimlərindən ibarət nümayəndə heyətini bu ilin iyununda Türkiyədə təşkil olunacaq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbirə dəvət edib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: