Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Nəsirəddin Tusinin “Əxlaqi-nasiri” əsərinə həsr olunan konfrans keçirilib
24.01.2018 14:29
  • A-
  • A
  • A+

Nəsirəddin Tusinin “Əxlaqi-nasiri” əsərinə həsr olunan konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli sərəncamı çərçivəsində Nəsirəddin Tusinin “Əxlaqi-nasiri” əsərinə həsr olunan elmi konfrans keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək dünya şöhrətli mütəfəkkir, görkəmli Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusinin həyat və yaradıcılığından, zəngin irsindən, filosofun qiymətli əsərlərindən ətraflı bəhs edib. Bildirib ki, Tusi yaradıcılığının əsasını insan əxlaqının saflaşdırılması ideyası təşkil edir. N.Tusinin şəxsi kitabxanasında 400 min nəşrin olduğunu deyən akademik İ.Hacıyev görkəmli alimin bilik əldə etməkdə və insanın kamilləşməsində mütaliəyə xüsusi önəm verdiyini söyləyib.

İ.Hacıyev Tusinin ictimai, iqtisadi, siyasi, əxlaqi, fəlsəfi və tərbiyəvi baxımdan xüsusi əhəmiyyətə malik olan “Əxlaqi-Nasiri” əsərinin müasir dövrdə də öz aktuallığını qoruduğunu vurğulayıb.

Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Nəsirəddin Tusinin həyatı və yaradıcılığı”, həmin institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun “Şair və ədəbiyyatşünas Nəsrəddin Tusi”, şöbənin böyük laborantı Sahab Əliyevanın “Əxlaqi-Nasiri” didaktik əsər kimi”, Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyevin “Əxlaqi-Nasiri” əsərinin yazılma tarixi” və Əlyazmalar Fondunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Səbuhi İbrahimovun “Əxlaqi-Nasiri” də ictimai münasibətlər” mövzusunda məruzələri dinlənilib. Qeyd olunub ki, görkəmli alimin “Əxlaqi-Nasiri” əsəri gələcək nəsillər üçün də qürur və  iftixar mənbəyi olaraq qalacaq.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı, kimya elmləri doktoru Bayram Rzayev və digərləri çıxış edərək orta əsr mənbələrində, həmçinin müsəlman kitabələrində Ordubad şəhərində yaşayan Tusi nəslindən olan şəxsiyyətlər barəsində məlumatları diqqətə çatdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: