Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.01.2018 13:48
  • A-
  • A
  • A+

AMEA-nın Yer Elmləri Bölməsinin cari ildə ilk iclası keçirilib

AMEA-nın Yer Elmləri Bölməsinin cari ildə ilk iclası keçirilib

Yanvarın 16-da AMEA-nın Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin (YEB) iclası keçirilib.

İclasda YEB-in akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək ötən il bölmədə fundamental və tətbiqi elmi tədqiqatların inkişaf etdirilməsi, respublikada və dünyada yer elmləri sahəsində müasir tədqiqatların vəziyyətinin analizi və proqnozu, elmi institutlarla tədris müəssisələri arasında əlaqələrin gücləndirilməsi, həmçinin beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində əməli işlərin görüldüyünü bildirib. Qeyd edib ki, hesabat ilində ölkə başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmandan irəli gələn vəzifələr və digər rəsmi sənədlər çərçivəsində işlər həyata keçirilib.

F.Qədirov hesabat ilində bölmənin institutlarında 14 problemi əhatə edən 41 mövzu üzrə tədqiqatların aparıldığını, Yer Elmləri Bölməsinin elmi müəssisələrində 7 mühüm nəticənin əldə olunduğunu deyib.

Alim 2017-ci ildə YEB-in müəssisələrinin əməkdaşları tərəfindən “Biogeokimyəvi rayonlaşdırma və Azərbaycan əhalisinin sağlamlığının regional proqnozlaşdırılması”, “Azərbaycanın Günəş Enerjisi Atlası” və “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” multidisstiplinar elmi-tədqiqat proqramlarının icrasının başa çatdırıldığını deyib.

Akademik ötən il bölmə institutlarının Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Dövlət Neft Şirkətinin Elm Fondu, “Azərkosmos” ASC, Ukrayna Elmi-Texnologiya Mərkəzi və YUNESCO-dan qrantlar aldıqlarını söyləyib.

O, 2017-ci ildə bölmənin alimləri tərəfindən 16 monoqrafiya və kitabın, 299 məqalə və 100 tezisin (128-i xaricdə, onlardan 60 məqalə impakt faktorlu jurnallarda) çap olunduğunu vurğulayıb.

Cari ildə beynəlxalq əlaqələrin yüksək səviyyədə davam etdirildiyini deyən F.Qədirov Ukrayna Elm və Texnologiya Mərkəzi, İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti, İsveçrənin Milli Elm Fondu, İtaliyanın Milli Tədqiqat Şurası və digər təşkilatlarla müştərək proqramların icra edildiyini diqqətə çatdırıb.

Alim XX əsrin çağırışlarını və ölkə Prezidentinin elm qarşısında qoyduğu prioritetləri rəhbər tutaraq yaxın illərdə Azərbaycanda yer elmləri sahəsində tədqiqatların davam etdiriləcəyini bildirib.

Daha sonra respublikanın Yer Elmləri Bölməsi istiqamətində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin alimlərinin mühüm nəticələri müzakirə olunub. Müzakirələrdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və digərləri çıxış edərək irad və təkliflərini bildiriblər.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: