Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.01.2018 15:18
  • A-
  • A
  • A+

Kimya Elmləri Bölməsinin 2017-ci ildəki fəaliyyətinə dair hesabatı dinlənilib

Kimya Elmləri Bölməsinin 2017-ci ildəki fəaliyyətinə dair hesabatı dinlənilib

Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda Kimya Elmləri Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA-nın vitse-prezidenti, bölmənin akademik-katibi, akademik Dilqəm Tağıyev məruzə ilə çıxış edib. Akademik hesabat ilində fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətlərə uyğun həyata keçirildiyini bildirib.

Bölməyə dair statistik məlumatları nəzərə çatdıran akademik D.Tağıyev ötən ildə bölmə müəssisələrində 12 problemə aid 43 mövzu üzrə tədqiqat işlərinin aparıldığını və 5 mövzunun tamamlandığını deyib. Qeyd edib ki, bölmənin elmi müəssisələri və respublikanın ali təhsil müəssisələri elmi fundamental tədqiqatlar sahəsində 21 mühüm elmi nəticə əldə edib. 10 tətbiqi xarakterli iş müxtəlif təşkilatlarda sınaqdan keçirilib. Bölmənin institutlarında 19 Azərbaycan və 3 Avrasiya patenti alınıb.

Akademik hesabat dövründə dövlət proqramları üzrə və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində elmi-tədqiqat işlərinin icra edildiyini, eyni zamanda AMEA tərəfindən maliyyələşdirilən 3 elmi-texniki proqram üzrə işlərin yerinə yetirildiyini bildirib.

Natiq məruzəsində bölmənin “Kimya Problemləri” və “Neft-kimyası və neft emalı prosesləri” jurnallarının tələblərə cavab verdikləri üçün ilkin mərhələdə “Thomson Reuters”in bazasına daxil edildiyini, “Elm Dünyası” jurnalının elektron versiyasının yaradıldığını deyib.

Bölmə institutlarının beynəlxalq əlaqələrindən bəhs edən akademik D.Tağıyev bildirib ki, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi, Almaniyanın Berlin Texniki Universiteti, Böyük Britaniyanın Huddersfield Universiteti və Belarusun Minsk İstilik və Kütlə Dəyişməsi İnstitutu ilə yaratdığı müştərək beynəlxalq laboratoriyalar fəaliyyətlərini uğurla davam etdirib, alimlərin yüksək impakt faktorlu jurnallarda 30-a yaxın birgə elmi məqaləsi çap olunub. Bundan başqa, bölmə institutları dünyanın qabaqcıl elmi mərkəzləri ilə əlaqələr qurub, perspektiv elmi-tədqiqat işlərini müzakirə ediblər.

Akademik-katib hesabatda ölkə Prezidentinin fərman və sərəncamlarının, AMEA-nın Rəyasət Heyətinin qərarlarının və AMEA prezidentinin sərəncamlarının icrası, kadr məsələləri, struktur dəyişiklikləri, keçirilən konfrans və yubileylər, təltiflər, xarici ezamiyyət və s. məsələlərə də toxunub.

Məruzəçi bölmənin kadr tərkibi, nəşrləri və mühüm elmi nəticələrinə dair rəqəmləri açıqlayıb. Kimya Elmləri Bölməsinin tərkibində 12 həqiqi və 18 müxbir üzvün, 108 elmlər doktoru və 305 fəlsəfə doktorunun fəaliyyət göstərdiyini bildirib. İnstitutların əməkdaşları tərəfindən 8 monoqrafiyanın hazırlandığını, 3 kitabın nəşr olunduğunu, 213-ü impakt faktorlu jurnallarda olmaqla, ümumilikdə 1025 məqalə və tezisin çap edildiyini diqqətə çatdırıb.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, akademiklər - Əhliman Əmiraslanov, Nazim Məmmədov, Abel MəhərrəmovAdil Qəribov, Məhərrəm Məmmədyarov, siyasi elmlər doktoru Fətəli Abdullayev və digərləri çıxış edərək hesabatla bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

Daha sonra hesabat təsdiq olunub. Kimya Elmləri Bölməsi üzrə mühüm elmi və tətbiqi nəticələr akademiyanın illik hesabatına daxil edilib. Dövlət proqramlarının icrası ilə əlaqədar görülmüş işlər bəyənilib. Kimya sahəsində elmi-tədqiqat, təhsil, kadr hazırlığı və təcrübi işlərin səviyyəsini artırmaq üçün müxtəlif təkliflər verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: