Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“İnteraktiv açıq dərs”də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlardan bəhs olunub
25.12.2017 08:38
  • A-
  • A
  • A+

“İnteraktiv açıq dərs”də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlardan bəhs olunub

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti “İnteraktiv açıq dərs” baş tutub.

Dərsdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar və Naxçıvan” mövzusunda çıxış edib. Alim çıxışında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və Zəngəzurda dinc əhaliyə qarşı tarixdə görünməmiş kütləvi qətl və qırğınların həyata keçirildiyini bildirib. Qeyd edib ki, 1905-1907, 1918-1920, 1941-1945, 1948-1953 və 1988-1994-cü illərdə ermənilər tərəfindən törədilən etnik təmizləmələr zamanı insanlarla yanaşı, tarixi türk-islam mədəniyyəti abidələri də məhv edilib.

Naxçıvanda azərbaycanlılara qarşı törədilən soyqırımlara Andranik Ozanyanın başçılıq etdiyini deyən E.Şıxəliyev bildirib ki, erməni cəllad Naxçıvana hərbi yürüşlərindən əvvəl Türkiyənin Ərzurum, Alaça, İlgə, Yaşılyayla bölgələrində türklərin qatili kimi tanınıb və Ərzurum soyqırımının əsas təşkilatçılarından olub: "Arxiv materiallarında ermənilərin həm Qafqazda, həm də Anadoluda terror hadisələrinin arxasında türk yurdlarına sahiblənmək, Azərbaycanla Türkiyənin əlaqələrini kəsmək niyyətinin dayandığı əksini tapır".

Dərsdə, həmçinin Məmməd Səid Ordubadinin “Qanlı illər” kitabından da bəhs olunub. Bildirilib ki, kitabda ermənilərin təcavüz siyasətlərini təsdiq edən olduqca çox mühüm tarixi sənədlər işıqlandırılıb.

Dərs zamanı şagirdlərin diqqətinə çatdırılıb ki, ulu öndər Heydər Əliyev 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlar imzalayaraq xalqımıza qarşı törədilmiş soyqırımlara siyasi qiymət verib.

Açıq dərs ümumilikdə muxtar respublikanın 200 ümumtəhsil məktəbində izlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: