www.science.az
30.11.2017 09:54

15 yaşlı Reyhan Camalova ixtirası ilə böyük uğura imza atıb

Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (“İstək” liseyi) doqquzuncu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinə ixtirası ilə qatılıb və böyük uğura imza atıb.

ABŞ prezidenti Donald Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp R.Camalovanın nailiyyətini təqdir edib. Bildirib ki, Azərbaycandan olan 15 yaşlı Reyhan Camalova yağış suyundan enerji istehsal edən gənc ixtiraçıdır. Onun güclü bir şüarı var – “Hər dəfə bir evi işıqlandır”. Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır.

Dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, o zaman ondan potensial enerji kimi istifadə etmək mümkündür. Bu problemi həll etmək üçün Reyhan öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən “Reynerci” (Rainergy) qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

“Reynerci” layihəsi “Climatelaunchpad” yarışmasının Azərbaycan finalında "Tamaşaçıların ən sevimli startapı” adına layiq görülüb. “Reynerci”nin prototipi hazırda 22 led lampanı işıqlandırır ki, bu da təqribi 22 vat enerji deməkdir. Gənc ixtiraçı deyir ki, biz bu enerjini çoxaltmağın üzərində işləyirik. Bəzi ölkələrdə enerji həddindən artıq bahadır. Bunun üzərində işləyib enerjini çoxaltdıqdan sonra çox az pul xərcləməklə enerji ala biləcəyik.

Reyhan 5 yaşından kiçik "ixtira”lar etməyə başlayıb. "Robotlar”, kağızlardan xüsusi qurğular düzəldib. Qeyri-adi istedada malik olan bu gənc gələcəkdə dünyada dönüş yaradacaq layihələrə imza atmağı, Nobel mükafatını qazanmağı qarşısına məqsəd qoyub. Gənc ixtiraçı dünyada özündən sonra Lütfi Zadə kimi iz qoymaq istəyir.

Qeyd edək ki, Reyhan Camalovanın “Climatelaunchpad” yarışmasında iştirakına AMEA-nın Yüksək Texnologiyalar Parkı sponsorluq edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.