Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

29.11.2017 16:31
  • A-
  • A
  • A+

Sosial dövlətin inkişaf perspektivlərindən bəhs edən monoqrafiya çap olunub

Sosial dövlətin inkişaf perspektivlərindən bəhs edən monoqrafiya çap olunub

AMEA-nın Elm Tarixi İnstitutunda bu müəssisənin Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin əməkdaşı, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Məmmədovanın “Azərbaycanda sosial dövlət: inkişafı, perspektivləri” adlı monoqrafiyasının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə kitabın müasir dövrdə sosial dövlət üçün elmi-nəzəri əhəmiyyətindən söz açıb. O, sosial dövlət haqqında ölkəmizdə elmi-nəzəri tədqiqat işlərinin məhdud sayda yerinə yetirildiyini söyləyib, bu istiqamətdə araşdırmaların davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.  

Sonra AMEA-nın İqtisadiyyat İnstitutunun İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Mayis Gülalıyev çıxış edib. “Sosial dövlət” – tez-tez istifadə edilən, lakin ümumi qəbul edilmiş vahid tərifə malik olmayan anlayışdır”, deyə bildirərək monoqrafiyada sosial dövlətlə bağlı həm filosof, həm sosioloq, həm də hüquqşünas alimlərin əsərlərindən istifadə edildiyini diqqətə çatdırıb.

Daha sonra institutun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə elmlər doktoru Zaur Məmmədov çıxış edərək monoqrafiyanın aktuallığını önə çəkib. Qeyd edib ki, sözügedən əsər olduqca əhəmiyyətli bir mövzuya həsr edilib, burada “sosial” anlayışı cəmiyyətdə müəyyən səciyyə və statusu ifadə etmək üçün işlədilib. Qeyd olunub ki, müasir sosial hüquqi dövlət – cəmiyyətə xidmət edən, sosial fərqləri minimuma endirməyə çalışan və bu əsasda cəmiyyətdə sosial sabitliyə nail olan dövlətdir.

Sonda çıxış edən kitabın müəllifi, sosiologiya üzrə fəlsəfə doktoru Səadət Məmmədova qeyd edib ki, nəşr Azərbaycanda sosial dövlətin inkişafının nəzəri-ideoloji və konstitusion əsaslarının, o cümlədən ayrı-ayrı sosial institutların müasir inkişaf səviyyəsinin öyrənilməsinə həsr edilib. Həmçinin müəllif monoqrafiyanın praktiki əhəmiyyətini önə çəkərək kitabın sosial dövlət və Azərbaycanda sosial dövlətin inkişafının əsasları ilə maraqlananlar üçün nəzərdə tutlduğunu bildirib.

S.Məmmədovanın sözlərinə görə, əsərdə sosioloji fikir tarixində sosial dövlət haqqında ideyaların təkamülü məsələləri öz əksini tapıb. Burada sosial dövlət konsepsiyasının inkişaf istiqamətləri, sosial dövlətlə bağlı anlayışlar bazası araşdırılıb, sosial dövlət quruluşu dövlət idarəçiliyinin daha təkmil forması kimi səciyyələndirilib. Monoqrafiyada “sosial sinergetik institutlaşma” konsepsiyası sosial dövlətin araşdırılması və inkişafı prosesində metodoloji əsas kimi müəyyən edilib.

Sonda kitabla bağlı müzakirələr aparılıb. Çıxış edənlər monoqrafiyanı elmi-sosioloji cəhətdən yüksək qiymətləndiriblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: