Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanın bir sıra bölgələrində tektonik hərəkətlərin kinematik parametrləri öyrənilib
22.11.2017 09:15
  • A-
  • A
  • A+

Azərbaycanın bir sıra bölgələrində tektonik hərəkətlərin kinematik parametrləri öyrənilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) “Böyük Qafqazın Cənub-Şərq hissəsi və onun ətraf regionlarında tektonik hərəkətlərin kinematik parametrləri (yeni paleomaqnit məlumatlar əsasında)” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.

İclasda GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov çıxış edərək mövzu üzrə aparılmış tədqiqatların əhəmiyyətindən danışıb. Bildirib ki, məruzə Geomaqnetizm şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Mənijə İsayeva və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Təhminə Qarayeva tərəfindən hazırlanıb.

Sonra T.Qarayeva çıxış edərək məruzəni təqdim edib. Bildirib ki, paleomaqnit tədqiqatların metodlarından tektonik məsələlərin həllində, lokal deformasiyanın öyrənilməsindən başlayaraq ayrı-ayrı massivlərin dönməsində, litosfer plitələrin horizontal hərəkətləri və qlobal rekonstruksiyaların problemlərində geniş istifadə olunur.

Alim mezokaynozoyun vulkanogen-çökmə və çökmə süxurlarının kompleks tədqiqatlarının nəticələrinin eyni geoloji quruluşa malik regionlarla müqayisəsinə, geoloji hadisələri geniş miqyasda sinxronlaşdırmağa və rekonstruksiya etməyə, uyğun zaman kəsimində geomaqnit sahənin tarixi haqqında daha dolğun məlumat almağa imkan verdiyini bildirib.

Məruzəçi Böyük Qafqazın cənub-şərq yamacında yerləşən Lahıc, Vəndam və Sumaqalı kəsilişləri, eləcə də Acınohur çökəkliyindən – Xocaşen, Xudbarekdağ və Böyük Dəhnə, həmçinin Orta Kür çökəkliyinin üst hissəsindən – Göyçay, Türyançay və Girzan, o cümlədən Abşeron yarımadasından – Korgöz, Qaraquş və Qurd qapısı kəsilişlərindən nümunələrin götürüldüyünü və paleomaqnit tədqiqatların aparıldığını söyləyib: "Bu kəsilişlərdə blokların hərəkətlərinin kinematik parametrləri - saat əqrəbi və əksi istiqamətində dönmələr, horizontal hərəkətlər, ayrı-ayrı blokların paleotektonik nöqteyi- nəzərdən yenidən qurulması öyrənilib".

T.Qarayeva paleomaqnit tədqiqatların nəticələrinə əsasən, blokların şərqdən qərbə doğru horizontal hərəkətlərinin sürətinin artdığını diqqətə çatdırıb. O, bu hərəkətlərin Böyük Qafqaza məxsus gərginliyin maksimal qiyməti və geodinamik aktivliklə əlaqədar olduğunu vurğulayıb. Alim paleomaqnit məlumatlar əsasında öyrənilən ərazinin bloklarının quruluşunun təsdiqləndiyini bildirib: "Ayrı-ayrı blokların horizontal hərəkətlərinin sürəti müxtəlifdir və bu da onunla izah olunur ki, yer qabığının ayrı-ayrı hissələrinin toqquşması dağ massivlərin kənarlarının əhəmiyyətli dərəcədə deformasiyasına gətirir".

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: