Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

20.11.2017 09:37
  • A-
  • A
  • A+

Yazıçı-publisist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub

Yazıçı-publisist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub

Noyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, “Şöhrət” ordenli, Əməkdar jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Xalq artisti Nurəddin Mehdixanlının aparıcısı olduğu tədbirdə çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubilyarı təbrik edib, onun keçdiyi həyat yolunun gənc nəslə örnək olduğunu vurğulayıb. Nazir qeyd edib ki, gənc yaşlarından ölkəmizin müxtəlif bölgələrində müxbir işləyən Əli İldırımoğlu sadə insanların həyat yolundan, problemlərindən yazmaqla onların böyük rəğbətini qazanıb. Onun bədii əsərlərində Qarabağ mövzusu mühüm yer tutur, yaradıcılığının leytmotivində Vətənə sonsuz sevgi dayanır. Bütün bunlarla yanaşı, onun mühüm fəaliyyətlərindən biri də Azərbaycan dili ilə bağlıdır. O, daim dilimizin saflığının qorunmasına çalışıb.

Sonra çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov vurğulayıb ki, jurnalist, publisist və yazıçı Əli İldırımoğlu bütün mənalı həyatında öz qələmi ilə milli dirçəlişə, milli şüurun oyanışına ləyaqətlə xidmət edib. Onun romanlarının hər biri böyük təcrübənin bəhrəsidir. Bu əsərlərin əsası onun “Kommunist” qəzetində çalışdığı illərdə qoyulub və onların qiymətini hələ sonralar dərk edəcəyik.

R.Hüseynov qeyd edib ki, 80-ci illərdən etibarən mütəmadi olaraq bədii əsərlər yazmağa başlayan Əli İldırımoğlu Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan yazıçıdır. Əksəriyyəti bioqrafik xarakter daşıyan romanlarında Azərbaycan həyatının elə detalları, mənəviyyatın elə məqamları əksini tapır ki, onu hər kəs müşahidə edə bilməz. “Həmin adam”, “Zorən jurnalist”, “Mənim rəncbər atam”, “Daş yağan gün” və digər dəyərli əsərlərin müəllifi olan Əli İldırımoğlunun yaradıcılığı oxucular, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanır.

Sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov yubilyara rayon ictimaiyyətinin təbriklərini çatdırıb, ona xatirə hədiyyəsi təqdim edib.

Çıxışlarda Əli İldırımoğlunun jurnalistlik fəaliyyəti, Azərbaycanın mürəkkəb bir dövrünü ədəbiyyata gətirməsi, bütün yaradıcılığının doğulduğu yurda sonsuz sevgi ilə yoğurulması xüsusi vurğulanıb.

Sonra tədbir iştirakçıları Əli İldırımoğlunun həyat və yaradıcılığından bəhs edən filmə baxıblar. 

Yubiley gecəsi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında musiqilərlə müşayiət olunub.

Sonda çıxış edən Əli İldırımoğlu tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: