Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.11.2017 12:54
  • A-
  • A
  • A+

AMEA-da Ümumdünya Fəlsəfə Gününə həsr olunan beynəlxalq konfrans keçirilib

AMEA-da Ümumdünya Fəlsəfə Gününə həsr olunan beynəlxalq konfrans keçirilib

AMEA-nın Fəlsəfə İnstitutunda YUNESKO-nun təsis etdiyi Ümumdünya Fəlsəfə Günü münasibətilə "Qloballaşma şəraitində milli fəlsəfənin inkişaf istiqamətləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə çıxış edərək Ümumdünya Fəlsəfə Gününün 2002-ci ilin noyabrında təsis edildiyini və bugünkü tədbirin yubiley mahiyyəti daşıdığını bildirib. Alim bu gün fəlsəfə elminin qarşısında duran əsas prioritet məsələlərin milli identiklik, milli ideologiya və milli fəlsəfə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, hazırda rəhbərlik etdiyi müəssisədə fəlsəfə tarixi, elmi fəlsəfə, etika (mənəvi əxlaq) və fənlərarası əlaqə istiqamətində ciddi tədqiqatlar aparılır, kitablar nəşr olunur.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, h.ü.e.d., professor İsaxan Vəliyev çıxış edərək Fəlsəfə İnstitutunun alimlərinin Azərbaycan elmini dünya miqyasında yüksək səviyyədə təmsil etdiyini bildirib. Qeyd edib ki, bu gün institutun əməkdaşları dünya filosoflarının əsərlərini peşəkarcasına tərcümə edərək yerli auditoriyaya çatdırır, eyni zamanda mütəmadi yüksək impakt faktorlu jurnallarda aktual məqalələrlə çıxış edirlər.

Sonra Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami çıxış edərək bugünkü tədbirin artıq ənənə halını aldığını diqqətə çatdırıb. Misirlə Azərbaycan fəlsəfəsinin nəzəriyyəsi arasında oxşarlıqların olduğunu vurğulayan Ə.Sami daha sonra iki ölkənin elmi mərkəzlərindəki əlaqələrdən danışıb.

Konfransda institutun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Eynulla Mədətlinin "Heydər Əliyevin nəzəri irsində azərbaycançılıq fəlsəfəsi", f.ü.e.d. Əbülhəsən Abbasovun "Müasir fəlsəfədə və elmdə epistemologiya problemləri", f.ü.e.d. Adil Əsədovun "Kainatın maskulin və feminin başlanğıcları arasında ilkin təmas: materiyanın doğuluşu", f.ü.e.d. Əli Abbasovun "Müasir milli fəlsəfə necə olmalıdır?", f.ü.e.d. Füzuli Qurbanovun "Müasir fəlsəfə: təfəkkürün böhranı, yoxsa makrokeçid?", f.ü.f.d. Rövşən Hacıyevin "Etnos nəzəriyyəsinə daha bir baxış", f.ü.f.d. Şölət Zeynalovun "Sivilizasiyalararası proseslərdə dialoq fəlsəfəsinin rolu" və digər mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: