Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib
07.11.2017 12:36
  • A-
  • A
  • A+

Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib

Noyabrın 6-da İspaniyanın paytaxtı Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən konfransda geniş tərkibdə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransı açan “Evsen Group”un rəhbəri Əli Evsen tədbirin əhəmiyyətindən danışıb.

Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfrans iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamını və xoş arzularını çatdırıb, tədbiri sülhə inamın artmasına daha bir addım kimi qiymətləndirib. O, son zamanlar dünyada baş verən faciəvi hadisələrin dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verdiyindən təəssüfləndiyini vurğulayıb. Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, törədilən silsilə terror aktları, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirən, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir.

Yaşanan böhranlara baxmayaraq, hələ də dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi mənəvi dəyərlərin mövcud olduğunu qeyd edən şeyxülislam Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illərinin ümumi, bəşəri məramlara xidmət etdiyini xatırladıb. Bildirib ki, separatizmdən uzun illər əziyyət çəkən xalq olaraq, biz dünyanın müxtəlif nöqtələrində zühur edən separatizm kabusunun bütün formalarını qətiyyətlə pisləyirik.

Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan dünyada bütün dövlətlərin, o cümlədən İspaniyanın ərazi bütövlüyünü tanıyır və hörmətlə yanaşır. Ölkəmizin 20 faiz ərazisinin Ermənistanın işğalı altında olmasına baxmayaraq, xalqımız uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında ədalətli sülh yolu ilə həllini istəyir. O, bu əsnada, bu yaxınlarda erməni katalikosu II Qareginlə üçtərəfli görüşün təşkilatçısı olan Rus Pravoslav Kilsəsinin münaqişənin sülh yolu ilə həlli yönündə vasitəçilik missiyası yüksək dəyərləndirilib.

Daha sonra çıxış edən İsrailin baş sefard ravvini Şlome Moşe Amar terrorla mübarizə üçün dini konfessiyaların birliyinin əhəmiyyətini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında İslam həmrəyliyi ideyasını günün aktual mövzusu adlandırmaqla yanaşı, bunun heç bir halda başqa mədəniyyətlərə qarşı yönəlmədiyini vurğulayıb. Burada əsas məqsəd müsəlman ölkələrində daxili sabitlik zəminində qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsidir ki, bu da təkcə İslam dünyasında deyil, bütün dünyada sülhün və rifahın təmin olunmasına böyük töhfə verə bilər.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağının bütün fakültələrində multikulturalizm fənninin tədris edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində dünyanın bütün dinləri ilə bağlı dərslər keçirilir. Həmçinin universitetdə İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzi fəaliyyət göstərir, İslam dini ilə yanaşı, digər dinlərlə bağlı maraqlı tədqiqatlar aparılır.

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov isə çıxışında Madriddə keçirilmiş tədbirin əhəmiyyətini bir daha vurğulayıb, insani dəyərlərin vacibliyini önə çəkib.

Konfransda Milli Məclisin deputatı, akademik Rafael Hüseynov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, İspaniyanın ədliyyə naziri Rafael Katala Polo, İsrailin sosial bərabərlik naziri Gila Gamliel, İspaniya Müsəlmanları Cəmiyyətinin sədri Riay Tatari Baki və başqaları çıxış edərək bildiriblər ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd dinlərin birgə fəaliyyəti, əməkdaşlığı ilə din adından məkrli, siyasi məqsədlər üçün sui-istifadənin, dünyadakı terrorların, müharibələrin qarşısının alınmasına yardım etməkdir.

Tədbir çərçivəsində mövzuya uyğun rəsm əsərinin təqdimatı olub.

Sonda dinlərarası ortaq memorandum imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: