Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Möhsün Nağısoylunun ikicildlik “Seçilmiş əsərləri” çapdan çıxıb
03.11.2017 14:22
  • A-
  • A
  • A+

Akademik Möhsün Nağısoylunun ikicildlik “Seçilmiş əsərləri” çapdan çıxıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun ikicildlik “Seçilmiş əsərləri” “Elm” nəşriyyatında çapdan çıxıb.

XV-XVI əsrlər Azərbaycan-türk tərcümə əsərləri əlyazmalarının mətnşünaslıq-dilçilik yönündən araşdırılmasına həsr olunmuş kitabın elmi redaktoru akademik Vasim Məmmədəliyevdir.

Yeni nəşrdə mətnşünas-dilçi alim M.Nağısoylunun bir neçə monoqrafiyası və seçmə məqalələri toplanıb. Kitaba, həmçinin alimin müxtəlif illərdə yazılan dövri mətbuatda dərc olunan elmi-publisistik məqalələri, məruzə və çıxışlarının mətnləri daxil edilib.

Birinci cild orta əsrlərdə Azərbaycanda tərcümə sənəti, əsas növləri və səciyyəvi xüsusiyyətlərindən bəhs edir. Cildin birinci fəsli alimin “Gülşəni-Raz” əsəri , onun türkcəyə tərcüməsi və tərcümənin tekstoloji tədqiqi ilə bağlı mətnləri əhatə edir. İkinci fəsildə isə “Hədisi-ərbəin” tərcüməsinin filoloji-tekstoloji tədqiqi öz əksini tapıb.

İkinci cilddə Azərbaycanın tərcümə abidəsi “Şühadənamə” paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri” yer alıb. Burada “Şühədanamə” əlyazmasının paleoqrafik xüsusiyyətləri, Füzulinin “Hədiqətüs-süəda” əsərinin mövzusu və “Rövzətüş-şühəda” ilə müqayisəli təhlili, A.Bakıxanovun “Riyazül-Qüds” əsəri klassik məqtəl nümunəsi kimi tədqiqata cəlb olunub.

“Seçilmiş əsərlər” ikicildliyinin redaktoru Könül Mirzəyevadır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: