Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.11.2017 14:22
  • A-
  • A
  • A+

AMEA-da yanğın təhlükəsizliyinə dair seminar-məşğələ keçirilib

AMEA-da yanğın təhlükəsizliyinə dair seminar-məşğələ keçirilib

Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsinin yanğın təhlükəsizliyinə dair növbəti seminar-məşğələsi keçirilib.

Tədbir İkinci xüsusi şöbə, AR Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə (MM) Qoşunlarının Mülki Müdafiə İdarəsi və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə baş tutub.

AMEA-nın elmi müəssisə və təşkilatlarının ümumi işlər üzrə direktor müavinləri, MM qərargah rəisləri, yanğınsöndürmə manqalarının komandir-rəis heyətinin iştirak etdiyi tədbirdə şöbənin rəisi Eldar Quliyev çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırıb. E.Quliyev qış mövsümünün yaxınlaşması ilə əlaqədar hazırda yanğın təhlükəsizliyi məsələsinin aktuallaşdığını bildirib. Qeyd edib ki, hər bir müəssisədə yanğın zamanı insanların təhlükəsizliyi təmin edilməli, əməkdaşlar maarifləndirilməli, mənəvi-psixoloji cəhətdən hazırlanmalı, təxliyyə planı öyrənilməli və praktiki məşqlər keçilməli, həmçinin yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır.

Şöbə rəisi AMEA-nın elmi müəssisə və təşkilatlarında baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsinin təşkili üçün mühafizə vasitələrinin işlək vəziyyətdə olmasının vacibliyini vurğulayıb.

Sonra FHN-nin MM Qoşunlarının MM idarəsinin rəis müavini, polkovnik Qüdrət Ağayev çıxış edərək AMEA-da mülki müdafiə sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. O, yanğının qarşısının alınmasının və profilaktikasının təşkilinin, həmçinin insanların xilas edilməsinin yanğından mühafizə sisteminin əsas vəzifəsi olduğunu bildirib. Q.Ağayev hazırda dünyada fövqəladə hadisələr zamanı insan resurslarının qorunmasının əsas məsələ olduğunu, ölkəmizdə də bu sahədə bir neçə qanunvericilik aktlarının qəbul edildiyini, FHN, o cümlədən MM Qoşunlarının ən müasir texnika və peşəkar əməkdaşlarla təmin edildiyini diqqətə çatdırıb.

Seminarda FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Təbliğat şöbəsinin baş mütəxəssisi Nizami Fərəcov çıxış edərək il ərzində qeydə alınan yanğınların 6 faizinin təbii fəlakət, 94 faizinin isə insanların səhlənkarlığından baş verdiyini bildirib. Qeyd edib ki, yanğın zamanı insanlar ilk növbədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə zəng etməli və ünvanı, hadisənin baş vermə səbəblərini dəqiq şəkildə izah etməlidirlər.

Sonra oktyabr ayında keçirilmiş Rəhbər Heyətin MM məşqləri haqqında MM qərargah rəislərinin çıxışları dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: