Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Rusiyalı akademik Aleksandr Kudelin və özbəkistanlı professor Bəxtiyar Babacanov AMEA-nın Şərqşünaslıq İnstitutunda olublar
19.10.2017 12:03
  • A-
  • A
  • A+

Rusiyalı akademik Aleksandr Kudelin və özbəkistanlı professor Bəxtiyar Babacanov AMEA-nın Şərqşünaslıq İnstitutunda olublar

Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelin və Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı, professor Bəxtiyar Babacanov oktyabrın 18-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Tanınmış alimlər ilk olaraq institutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. G.Baxşəliyeva qonaqlara rəhbərlik etdiyi müəssisədə aparılan tədqiqatlar, nəşr olunan kitablar barədə məlumat verib, onlara institut haqqında məlumatları əks etdirən bukletləri, eləcə də institutda çap olunan kitabları hədiyyə edib.

Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu ilə iki gün əvvəl bağlanmış əməkdaşlıq haqqında müqaviləni xatırladan G.Baxşəliyeva bu istiqamətdə görülməsi planlaşdırılan işlərdən söz açıb.

Daha sonra A.Kudelin rəhbərlik etdiyi elmi müəssisədə görülən işlərdən, o cümlədən özünün elmi tədqiqatlarından, institutlar arasında əlaqələrin tarixindən danışıb, akademik Ziya Bünyadov haqqında xatirələrini bölüşüb.

Özbəkistanda şərqşünaslıq sahəsində aparılan tədqiqatlardan danışan B.Babacanov qarşılıqlı əməkdaşlığın əhəmiyyətini qeyd edib və bu sahədə Ziya Bünyadov qiraətlərinin mühüm rol oynadığını vurğulayıb.

Qonaqlar daha sonra Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən akademik Ziya Bünyadov kabinetində olublar, görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın həyat və yaradıcılıq yolunu əks etdirən stendə baxıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: