Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
10.10.2017 15:40
  • A-
  • A
  • A+

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günü münasibətilə II Fəxri xiyabana gələrək onun məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb.

İnstitut əməkdaşları Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə əklil qoyub.

Anma mərasimində Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva böyük alimin keçdiyi həyat yolundan, onun  zəngin və dəyərli elmi fəaliyyətindən danışıb. G.Baxşəliyeva Aida xanım İmanquliyevanın həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd edib. Bildirib ki, A.İmanquliyeva təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını da zənginləşdirmiş, inkişaf etdirmişdir. O, ölkəmizi beynəlxalq elmi tədbirlərdə layiqincə təmsil etmişdir.

Böyük alimin qoyduğu zəngin elmi irslə yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açan G.Baxşəliyeva onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini, Aida İmanquliyevanın itkisinin bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu vurğulayıb.

Daha sonra Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsinin yaradılmasında rolundan danışıb, onun bu şöbənin ilk rəhbəri olduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: