Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Bakı Dövlət Sosial İqtisad Kollecində “Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda mühazirə təşkil olunub
04.10.2017 16:54
  • A-
  • A
  • A+

Bakı Dövlət Sosial İqtisad Kollecində “Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda mühazirə təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Maarifləndirmə tədbirləri” proqramı çərçivəsində ölkəmizin orta və ali təhsil müəssisələrində peşəkar və təcrübəli mütəxəssislərin gənclərlə görüşlərini, eləcə də sağlam həyat tərzinin təbliği istiqamətində gənc liderlərin mühazirə və təlimlərini mütəmadi təşkil edir. Bu istiqamətdə növbəti maarifləndirici tədbir Bakı Dövlət Sosial İqtisad Kollecində keçirilib. Kollec kollektivi üçün “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamından irəli gələn məqsəd və vəzifələrlə bağlı AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d., dosent Famin Salmanovun “Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda mühazirəsi təşkil edilib.

Bu proqramın təsdiq edilməsinin ölkə başçısının Azərbaycan gəncliyinə diqqət və qayğısının təzahürü olduğunu söyləyən Famin Salmanov sənəddə gənclərin hərtərəfli inkişafı üçün bütün müddəaların  əks olunduğunu vurğulayıb.

AMEA-da gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi istiqamətində bir sıra işlərin görüldüyünü vurğulayan natiq proqram çərçivəsində bu prosesin növbəti 5 il ərzində daha da sürətlənəcəyini və Akademiyada başlanılan bu hərəkata digər dövlət qurumlarının da dəstək verəcəyini bildirib. F.Salmanov gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının və iştirakının stimullaşdırılmasının bu istiqamətdə ixtisaslaşan gənclərimizin hərtərfli inkişafı üçün həlledici amil olduğunu qeyd edib. O, orta ixtisas və ali təhsil müəssisələrində tələbələrin mütərəqqi ideya və təşəbbüslərinin dəstəklənməsinin önəmini xüsusi vurğulayıb. 

F.Salmanov proqramın vəzifələrinə uyğun olaraq, istedadlı və yaradıcı gənclər üçün faydalı olan maarifləndirici, elmi-kütləvi, televiziya və radio verilişlərinin hazırlanmasının və yayımlanmasının zəruriliyini vurğulayıb.

Sonda məruzəyə dair suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: