AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əməkdar elm xadimi, professor Cahangir Qəhrəmanovun anadan olmasının 90 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, professor Aybəniz Əliyeva-Kəngərli alimlə bağlı xatirələrini bölüşüb: “Mən o zaman Ədəbiyyat Muzeyində işləyirdim, bizim hesabatlarımızı ekspert kimi C.Qəhrəmanov yoxlayırdı. Bu qısa görüşlərdə mən onun necə qayğıkeş, mehriban insan olduğunu hiss edirdim. Onun xatirəsi hamımızın qəlbində daim yaşayacaq”, - deyə direktor müavini bildirib.
Sonra institutun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov “Cahangir Qəhrəmanovun həyat və fəaliyyəti barədə” mövzusunda məruzə ilə çıxış edib. O, C.Qəhrəmanovun Əlyazmalar Fondunun instituta çevrilməsindəki xidmətlərini yüksək dəyərləndirib.
Daha sonra tarix elmləri doktoru Tahirə Həsənzadənin “Cahangir Qəhrəmanov irsinin öyrənilmə tarixindən” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə akademiklər Vasim Məmmədəliyev, Möhsün Nağısoylu və digər çıxış edənlər alimin elmi və ictimai fəaliyyətindən, mütəxəssis və kadr yetişdirmək sahəsində gördüyü işlərdən söz açıblar.
Sonda alimin oğlu Elçin Qəhrəmanov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.