Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktora malik beynəlxalq jurnalda nəşr olunub
02.10.2017 14:24
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktora malik beynəlxalq jurnalda nəşr olunub

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin Malayziyalı alimlərlə birgə həmmüəllif olduqları “A linguistic treatment for automatic external plagiarism detection” (Xarici plagiatlığın avtomatik  aşkarlanması üçün linqvistik yanaşma) adlı məqalə beynəlxalq “Knowledge-Based Systems” jurnalında nəşr olunub. Yüksək impakt faktora malik “Knowledge-Based Systems” “Elseiver” elmi bazasına daxil olan dərgilər siyahısındadır.

Məqalədə Xarici Plagiatlığın Aşkarlanma Sistemi (External Plagiarism Detection System (EPDS) təqdim edilir. Əksər mövcud metodlar əsl mənbə və şübhəli sənədlər arasındakı oxşarlığı aşkarlamaqda çətinlik çəkir. Təklif edilən metod isə şübhəli mənbə ilə oxşar, lakin mənaları müxtəlif olan cümlələri seçə bilir. Digər tərəfdən, müəllif cümlələri  məlum növdən məchul növə və ya əksinə dəyişə bilər.

Cümlənin semantik mənasını aşkarlamaq üçün təklif olunan metod bir neçə linqvistik xarakteristikanı, sintaktik informasiyanı, sözlərin işlənmə ardıcıllığını, semantik informasiyanı və sözlərin məzmun genişlənməsini eyni zamanda nəzərə almağa imkan verir.

Təklif olunan metod sözbəsöz köçürmə, cümlələrin və söz strukturunun dəyişdirilməsi kimi müxtəlif növ plagiatlıq hallarını da aşkarlayır. Aparılmış tədqiqatlar göstərir ki, təklif olunan metod ilə PAN-PC-11-də iştirak edən sistemlər və digər mövcud texnologiyalarla müqayisədə daha yaxşı nəticələr əldə etmək mümkündür.

“Knowledge-Based Systems” jurnalının elmmetrik göstəriciləri aşağıdakı kimidir:

Impact Factor: 4.529

5-Year Impact Factor: 4.627

CiteScore: 5.35; SNIP: 2.660  SJR: 1.877; Quartile in Category: Q1

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: