Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ana dilimiz milli varlığımız və qürur mənbəyimizdir
02.10.2017 10:02
  • A-
  • A
  • A+

Ana dilimiz milli varlığımız və qürur mənbəyimizdir

Ana dili xalqın varlığının ən başlıca göstəricisi, ən böyük milli-mənəvi sərvətidir. Milli dil hər bir xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişini və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. 

Azərbaycan dilinin hazırda dünya dilləri sırasında özünəməxsus yeri var. Prezident İlham Əliyevin sözləri ilə desək, “ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”. Tarixin müxtəlif dönəmlərində ölkəmizin ayrı-ayrı imperiyalar tərkibində olmasına baxmayaraq, Azərbaycan dili öz varlığını qoruyub saxlamış, tarixin amansız və sərt sınaqlarından üzüağ, şərəflə çıxmış, zaman-zaman cilalanaraq saflaşmışdır. Cəsarətlə demək olar ki, Azərbaycan dili hazırkı qloballaşma dövründə - elmin, texnikanın görünməmiş sürətlə irəli getdiyi çağımızda bütün sahələr üzrə hər hansı bir anlayışı incəliyinə qədər ifadə etməyə qadir olan zəngin və seçkin dünya dillərindən biridir.

Ulu öndər Heydər Əliyev hələ keçən əsrin 60-cı illərinin sonundan (1969) Azərbaycana rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Böyük rəhbərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Totalitar rejimin hökm sürdüyü, qatı rus millətçiliyi və şovinizminin baş alıb getdiyi keçmiş Sovetlər Birliyində bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi. 

Ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmilləşdi. 

Ulu öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud problemlərini də daim diqqət mərkəzində saxlamış və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atmışdır. Həmin tədbirlər sırasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman xüsusi yer tutur. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Belə ki, fərmanda həm dilimizin tarixi ilə bağlı bir sıra incə və həssas məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Fərmanda həmçinin müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin ölkədə geniş miqyasda tətbiq edilməsi və hərtərəfli inkişafı üçün əlverişli şəraitin yaranması qeyd olunur və bu məqsədlə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi vəzifə olaraq qarşıya qoyulurdu. Fərmanda Azərbaycan dilinin tarixi ilə xalqımızın tarixi arasında sıx və qırılmaz tellər olduğu vurğulanır və dil siyasətinin azərbaycançılıqla bağlılığı qeyd olunurdu.

Bu tarixi fərmanda müstəqil Azərbaycan dövlətinin dil siyasətinin mərkəzində iki başlıca ideya dayanırdı. Birincisi, Azərbaycan dilinin dövlət dili kimi qorunması, ikincisi isə - bu dilin dövlət dili səviyyəsində inkişafı üçün hər cür imkan və şəraitin yaradılması.

Fərman çərçivəsində ilk növbədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmış və “Azərbaycan Respublikasında Dövlət dili” haqqında qanun layihəsinin hazırlanması barədə müvafiq qurumlara göstəriş verilmişdi. Bundan əlavə, ölkənin müxtəlif nazirlik, idarə və təşkilatlarında dövlət dilinin və latın əsaslı Azərbaycan əlifbasının tətbiqi, ali təhsil ocaqlarında və orta məktəblərdə Azərbaycan dilinin tədrisinin yaxşılaşdırılması qarşıya vəzifə olaraq qoyulurdu. Fərmanda həmçinin Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə sanballı elmi araşdırmaların nəşri də başlıca məsələlər sırasında yer alırdı. Bu tarixi qərarda eyni zamanda Azərbaycan dilinin və latın əsaslı Azərbaycan əlifbasının yerlərdə tətbiqi işinə nəzarətin gücləndirilməsi və ölkədə çap olunan mətbuat orqanlarının, kitabların 2001-ci il avqustun 1-nə qədər bütövlükdə latın əsaslı Azərbaycan əlifbasına keçidi bir vəzifə olaraq müvafiq orqanlar və dövlət qurumları qarşısında qoyulurdu. Qeyd edək ki, ulu öndərin Azərbaycan dili ilə bağlı bu mühüm fərmanından irəli gələn bütün məsələlər tezliklə öz müsbət həllini tapdı və bir sıra tədbirlər həyata keçirildi. 

Ümummilli lider ölkənin dövlət dili ilə bağlı digər mühüm sənədlərə də imza atmışdır: “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərman, Azərbaycan Respublikasında Dövlət dili haqqında 30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasının Qanunu. 

Bu gün 15 illiyini qeyd etdiyimiz Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu ilk növbədə ölkə Konstitusiyasına uyğun olaraq dilimizin dövlət dili kimi hüquqi statusunu nizamlamaq məqsədilə onun işlənməsi, qorunması və inkişafının prioritet istiqamətlərini müəyyənləşdirdi. Ümummilli liderin əsəri olan bu qanunun preambulasında deyildiyi kimi, “Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır”. Burada diqqətçəkici məqamlardan birincisi Azərbaycan dilinə dövlət səviyyəsində lazımi qayğı göstərilməsidir. İkinci mühüm və əhəmiyyətli məqam isə Azərbaycan dilinin dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli rolunu oynaması üçün Azərbaycan dövləti tərəfindən zəmin yaradılmasıdır. Qanunun ayrıca bir maddəsində (I fəsil, maddə 3.0.6) xarici ölkələrdə yaşayan azərbaycanlıların öz ana dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə lazımi kömək göstərilməsi də nəzərdə tutulmuşdur.

Qanunun “Ümumi müddəalar” başlıqlı birinci fəslində öncə dövlət dilinin hüquqi statusu ilə bağlı müddəalar açıqlanır. Burada Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dilinin ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilməsinin zəruriliyi vurğulanır və dövlət qurumlarında, eləcə də siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyəti əhatə olunur. Birinci fəsildə həmçinin Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik məsələsi və dilin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri də müəyyənləşdirilir.

Qanunun “Dövlət dilinin işlənməsi, qorunması və inkişafı” başlıqlı ikinci fəslində dövlət dilinin müxtəlif sahələrdə işlənməsi ilə bağlı məsələlər yer almışdır. Burada onun rəsmi mərasimlərdə, televiziya və radio yayımlarında, xidmət sahələrində, reklam və elanlarda, hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, məhkəmə icraatında və s. işlənməsi ilə bağlı məsələlər öz əksini tapmışdır. 

“Yekun müddəalar” adlı sonuncu - üçüncü fəsildə dövlət dili haqqında qanunun pozulmasına görə məsuliyyət və qanunun qüvvəyə minməsi ilə bağlı maddələr təqdim olunur.

Qanun Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini, onun tətbiqi və qorunmasını prioritet bir vəzifə olaraq qarşıya qoyur. Həmçinin Azərbaycan dilinin müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri sayıldığı və onun tətbiqi, qorunması və inkişafına hərtərəfli dövlət qayğısı göstərildiyi vurğulanır və bu sahədə görüləcək işlər mühüm bir vəzifə olaraq qarşıya qoyulur.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ilə bağlı keçirilən ümumi yığıncaqda (9 noyabr 2015-ci il) söylədiyi əhatəli və dərin məzmunlu nitqində xalqımızın ən böyük milli-mənəvi sərvəti olan Azərbaycan dilinin saflığının qorunması məsələsini xüsusi olaraq vurğulamışdır: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin etməyilik”. Ölkə rəhbərinin dövlət dili haqqındakı qayğı dolu bu sözləri və tələbi hər bir Azərbaycan vətəndaşı üçün proqram səciyyəsi daşımalıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, gündəlik həyatımızda, məişətdə, hətta bəzən efirdə: radio və televiziya kanallarında, digər kütləvi informasiya vasitələrində əcnəbi sözlərin, xüsusilə də rus dilindən alınmaların yerli-yersiz işlədilməsinin şahidi oluruq. Belə halların qarşısını almaq üçün maarifçilik işinin gücləndirilməsinə və digər tədbirlərin görülməsinə böyük ehtiyac duyulur. Unutmayaq ki, dilin qoruyucusu və daşıyıcısı xalqdır. Buna görə də ana dilinin saflığının keşiyində durmaq, ədəbi dilin norma və qaydalarını gözləmək hamımızın borcudur.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti dilimizin saflığının qorunması, xüsusilə də reklam, elan və afişalarda dil pozuntularının aradan qaldırılması üçün cərimələrin tətbiqi mexanizminin hazırlanması məqsədilə yuxarı instansiyalara müraciət edilməsini qərara almışdır. Həmin qərarla AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsində sözügedən cərimələrlə bağlı təkliflər paketi hazırlanmaqdadır. Düşünürük ki, bir sıra ölkələrdə olduğu kimi, respublikamızda da ana dilinin saflığının qorunması məqsədilə inzibati cəzaların tətbiqi bu sahədə olan nöqsanların aradan qaldırılması məsələsində faydalı olacaq.

Ümummilli lider Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ulu öndərin siyasi kursunu yeni şəraitin tələblərinə uyğun şəkildə yaradıcılıqla inkişaf etdirən ölkə rəhbərinin ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlı olmuşdur. 

Prezidentin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adından göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Proqramın əsas məqsədlərindən biri də qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin intensivləşdirilməsi məsələsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanmasına münbit şərait yaradır. 

Qarşıya qoyulan məqsəd və vəzifələrin həlli məsələsi daha çox Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun öhdəsinə düşür. Ölkəmizdə dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı təşkilatçısı kimi tanınan bu elmi müəssisədə ölkə Prezidentinin Azərbaycan dili haqqında 9 aprel 2013-cü il tarixli sərəncamından irəli gələn vəzifələri həyata keçirmək istiqamətində bir sıra əməli işlər görülmüşdür. İlk növbədə Dilçilik İnstitutunda bir neçə yeni şöbə (Qədim dillər və mədəniyyətlər, Sosiolinqvistika və dil siyasəti, Kompüter dilçiliyi, Monitorinq) yaradılmışdır. İnstitutda aparılmış struktur dəyişiklikləri Azərbaycan dilçiliyinin Avropa və dünya elminə inteqrasiyasına, ölkənin görkəmli dilçi alimlərinin beynəlxalq səviyyədə tanınmasına və nüfuz qazanmasına, eləcə də ədəbi dil tarixinin, qədim dillər və mədəniyyətlərin araşdırılmasına, ölkə ərazisində yaşayan azsaylı xalqların dillərinin öyrənilməsinə yol açır. 

Dilçilik İnstitutunda dilimizin saflığının qorunması, ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması sahəsində də məqsədyönlü işlər yerinə yetirilməkdədir. İnstitut əməkdaşları bu məqsədlə vaxtaşırı yoxlamalar aparır, monitorinqlər keçirir və ən başlıcası sözügedən sahədəki nöqsanların aradan qaldırılması üçün maarifləndirici tədbirlər görür, aidiyyəti olan təşkilatlara tövsiyələr verir, onlarla müqavilələr bağlayır. Məlum olduğu kimi, televiziya və radio kanallarında, mətbuat orqanlarında və sosial şəbəkələrdə Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarına tez-tez rast gəlmək olur. Bu sahədə ictimaiyyətin də fəal iştirakının təmin edilməsi və operativ tədbirlərin görülməsi məqsədilə Dilçilik İnstitutunda artıq iki ildir ki, qaynar xətt fəaliyyətə başlamışdır. 

Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan dilinə dövlət səviyyəsində böyük qayğı göstərilmiş və bu qlobal məsələ daim diqqət mərkəzində olmuşdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dili haqqında dediyi sözlər bu qayğının ən bariz nümunəsidir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Lakin mədəniyyətin və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşdirilməsinə, onun söz ehtiyatının zənginləşməsinə daha çox qayğı göstərmək lazımdır”.

Ulu öndərin Azərbaycan dili haqqında proqram səciyyəli bu sözləri, eləcə də ümummilli liderin rəhbərliyi ilə hazırlanmış Dövlət dili haqqında qanunun müddəaları hər bir Azərbaycan vətəndaşını, xüsusilə də dilçilik sahəsində çalışan mütəxəssisləri ədəbi dilimizin saflığı keşiyində dayanmağa, onun düzgün tətbiqi və inkişafı istiqamətində düşünüb-daşınmağa, bu sahədə əməli tədbirlər görməyə səsləyir.

Möhsün Nağısoylu, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik

"Azərbaycan" qəzeti, 30 sentyabr 2017-ci il

  • Paylaş: