Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir
12.03.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir

Görkəmli Azərbaycan alimi, Azərbaycan Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, Bakı Dövlət Universitetinin (BDU) Bərk cisimlər fizikası kafedrasının müdiri, akademik Bəhram Mehrəli oğlu Əsgərov ömrünün 81-ci ilində vəfat etmişdir.

Bəhram Əsgərov 1933-cü il oktyabrın 5-də Tovuz rayonunun Əhmədabad kəndində anadan olmuşdur. 1957-ci ildə indiki BDU-nun fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. 1962-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi, 1972-ci ildə isə professor elmi adını almışdır.

1960-1966-cı illər Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində fəaliyyət göstərən B.Əsgərov 1966-cı ildən BDU-da çalışmışdır. 1971-ci ildən ömrünün son gününədək onun təşəbbüsü ilə yaradılmış Bərk cisimlər fizikası kafedrasının müdiri, 1994-cü ildən 2004-cü ilədək BDU-nun elmi işlər üzrə prorektoru vəzifəsində çalışmışdır.

2000-ci ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir. 2009-cu ildə isə Prezident təqaüdünə layiq görülmüşdür.

2001-ci ildə “Fizika” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həmin ixtisas üzrə həqiqi üzvü seçilmişdir. B.Əsgərov 5 monoqrafiya, bir neçə dərslik və dərs vəsaitinin, Rusiyada, Amerikada, Yaponiyada və bir sıra digər xarici ölkələrdə nəşr edilən nüfuzlu elmi jurnallarda dərc olunmuş 170 məqalənin müəllifidir.

Tanınmış alim və səmimi insan Bəhram Əsgərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: