Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Kristalloqrafiya və sənət” mövzusunda seminar keçirilib
12.03.2014 00:00
  • A-
  • A
  • A+

“Kristalloqrafiya və sənət” mövzusunda seminar keçirilib

AMEA Fizika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə “Kristalloqrafiya və sənət” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan şuranın sədr müavini Xuraman Xəlilova seminarın keçirilməsində əsas məqsədin gənc tədqiqatçıları kristalloqrafiya sahəsində məlumatlandırmaq, bu sahədə elmi bilikləri genişləndirmək olduğunu bildirib.

Daha sonra “İnnovasiya” sektorunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoruİmaməddin Əmiraslanovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Bildirib ki, kristalloqrafiya – kristallar, onların strukturu, yaranması və xüsusiyyətləri haqqında elmdir. Bu elm sahəsi minerologiya, bərk cisimlər fizikası və kimya ilə sıx əlaqəlidir.

Kristalloqrafiya elmində yüz il ərzində əldə edilmiş bir çox nailiyyətlər haqqında məlumat verən İ.Əmiraslanov bildirib ki, 2011-ci ilin kimya uzrə Nobel mükafatının mövzusu olan kvazikristallar XX əsrin sonlarında kəşf edilməsinə baxmayaraq, sənətdə eyni “kəşf” 800 il əvvəl baş verib. Eyni prinsipli və bu günə qədər rast gəlinən ən qədim dekorasiya hələ 1197-ci ildə Azərbaycanın Marağa şəhərindəki səkkizüzlü Qunbadi-Kabud məqbərəsinin divarlarını bəzəməkdədir.

İ.Əmiraslanov milli mədəniyyətimizin təbliği və daha dərindən dərk olunması üçün Azərbaycanda mahiyyətcə yeni ola biləcək, kökləri isə çox qədimlərə gedən həndəsi naxış yaradıcılığına (fonsuz və ya kristalloqrafik naxış yaradıcılığı) həsr olunmuş innovativ tədqiqatların aparılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, bu bəzəklər kristal quruluşlarının analoqları kimi diqqəti cəlb edir: “Kvazikristallar XX əsrdə kəşf olunmasına baxmayaraq, 700-800 il əvvəl insanlar bu cür naxışlardan istifadə ediblər”.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: