Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.09.2017 17:33
  • A-
  • A
  • A+

AMEA-da kvant texnologiyalarının tətbiqi və inkişaf perspektivləri müzakirə olunub

AMEA-da kvant texnologiyalarının tətbiqi və inkişaf perspektivləri müzakirə olunub

Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında müzakirə olunan məruzə kvant texnologiyalarının tətbiqi və inkişaf perspektivlərinə həsr olunub.

Məruzəni təqdim edən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov 1911-ci ildə Nobel mükafatı laureatı Maks Plankın yeni kvant nəzəriyyəsini müzakirəyə çıxardığını və bununla da müasir elmi istiqamətin əsasının qoyulduğunu deyib. Ötən əsrdə bir çox dövlətlərdə kvant yanaşmasına əsaslanan yeni texnologiyaların inkişafı üçün elmi mərkəzlərin yaradıldığını bildirən akademik onların  fəaliyyətindən söhbət açaraq kvant fizikası ideyalarının elm və texnologiyaların, o cümlədən süni intellekt, əşyaların interneti, Big Data, robototexnika, kriptoqrafiyanın inkişafında rolundan danışıb.

Akademik Nazim Məmmədov respublikamızda kvant fizikası sahəsində elmi-tədqiqat işlərinin XX əsrin 70-ci illərindən başlayaraq aparıldığını, kvant mexanikası sahəsində kifayət qədər güclü kadr potensialının və dayanıqlı metodoloji bazanın mövcud olduğunu qeyd edib. AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri institutlarında, həmçinin Bakı Dövlət Universitetində aparılan elmi tədqiqatlarda əldə olunan nəticələrin yüksək impakt faktorlu jurnallarda dərc edildiyini, bu sahədə dünyanın bir sıra elmi mərkəzlərilə birgə eksperimental işlərin aparıldığını bildirib. Kvant yanaşmasına əsaslanan yüzdən artıq kompüter proqramının mövcud olduğunu qeyd edən akademik həmin proqramların multidissiplinar xarakterli, geniş spektrli məsələlərin həllində tətbiqindən danışıb, bir sıra proqramların Fizika İnstitutunda geniş istifadə olunduğunu deyib. Bölmə rəhbəri həmçinin kvant koqnitivliyi nəzəriyyəsindən, onun müxtəlif sahələrdə tətbiqinin əhəmiyyətindən bəhs edib.

Çıxışının sonunda alim bu istiqamətdə tədqiqat aparan elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi, dünyanın aparıcı elmi mərkəzləri ilə beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd edib.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Mövzu ətrafında akademiklər - Dilqəm Tağıyev, Rasim Əliquliyev, Telman Əliyev, AMEA-nın müxbir üzvləri - Misir Mərdanov, Ramiz Alıquliyev və başqaları çıxış edərək məruzənin müasir dövr üçün əhəmiyyətindən danışıb, təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: