Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Daşkəsəndə eramızdan əvvəl XII-XI əsrlərə aid maddi mədəniyyət nümunələri aşkarlanıb
11.09.2017 10:26
  • A-
  • A
  • A+

Daşkəsəndə eramızdan əvvəl XII-XI əsrlərə aid maddi mədəniyyət nümunələri aşkarlanıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən-Goranboy arxeoloji ekspedisiyası Daşkəsən rayonunun Əmirvar kəndi ərazisində kurqan tipli qəbir abidələrində tədqiqat işləri aparıb.

Daşkəsən-Goranboy arxeoloji ekspedisiyasının rəhbəri, dosent Bəxtiyar Cəlilov bildirib ki, aparılan qazıntılar zamanı kurqan örtüyünün altından bir-birindən 3 metr aralı 2 qəbir kamerası aşkar edilib. İri sal qayalardan istifadə edilməklə meqalitik məzar odaları hazırlanıb. Məzar odalarının eni 2-2,3 metr, uzunluğu 4 metr, hündürlüyü 2 metrdir. Kameranın inşasında istifadə olunan qayaların hər birinin ağırlığı təxminən 3-4 tondur. Kameraların inşasında istifadə edilən sal qayaların arası kiçik qaya daşları ilə doldurulub, iç tərədən isə gil ilə suvanıb. 

Arxeoloqun sözlərinə görə, kurqan kamerasından saxsı qab nümunələri, tunc bəzək əşyaları, asmalar, piləklər, qolbağılar, üzük, iynə, çoxsaylı mineral muncuqlar, taxta və parça qalıqları aşkar edilib. Qəbirdən tapılan zəngin tunc bəzək əşyalarının ritual xarakter daşıdığını söyləmək olar. 

Kurqanda aşkarlanan maddi mədəniyyət nümunələri son tunc dövrünə, eramızdan əvvəl XII-XI əsrlərə aid edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: