Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktorunu 65 illik yubileyi münasibətilə təbrik edirik!
31.08.2017 10:56
  • A-
  • A
  • A+

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktorunu 65 illik yubileyi münasibətilə təbrik edirik!

Sentyabrın 4-də sеysmоlоgiyа və geofizika sаhələrində tаnınmış аlim, Əməkdar elm xadimi, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Cəlal oğlu Yetirmişlinin 65 yaşı tamam olur.

Qurban Yetirmişli 1952-ci il sentyabr аyının 4-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı fakültəsini bitirib.

2000-ci ildə “Aşağı Kür çökəkliyində seysmogeodinamik şərait və kəsilişlərdə neft-qaz yataqlarının paylanması” mövzusunda namizədlik, 2010-cu ildə "Cənubi Xəzər çökəkliyinin seysmikliyi (Azərbaycan sektoru)"  mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 2004-cü ildə dosent elmi adını alıb. O, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

Alim əmək fəaliyyətinə 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda böyük lаbоrаnt kimi başlayıb, 1977-1980-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Geofizika Cihazqayırma Xususi Konstruktor Bürosunda mühəndis, böyük mühəndis, aparıcı mühəndis kimi fəaliyyətini davam etdirib. 1980-1984-cü illərdə EA-nın “Geofizika” Elmi Mərkəzinin Təcrübi-Metodik Geofiziki Ekspedisiyasında seysmoloji partiyanın rəis müavini, 1984-2000-ci illərdə ekspedisiyanın rəis müavini, 2000-2008-ci illərdə isə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun birinci müavini vəzifələrində çalışıb. 2008-ci ildən bu mərkəzin direktorudur.

Q.Yetirmişli sеysmоlоgiyа və geofizika sаhələrində görkəmli mütəхəssis və tаnınmış аlimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətləri seysmologiya, seysmotomoqrafiya, geodinamika, zəlzələ proqnozunun problemləri, seysmikliyin neft-qaz əmələgəlmələri rejimi, neft quyularının debiti və palçıq vulkanlarının aktivliyinin öyrənilməsinə yönəldilib. O, Azərbaycan ərazisinin seysmik rayonlaşdırılması və respublikanın iri şəhərlərinin mikrorayonlaşdırılması üzrə işlərin təşkilatçısıdır.

Alimin bilavasitə rəhbərliyi ilə Azərbaycanda ilk dəfə olaraq 35 telemetrik seysmik stansiya, 22 kosmik geodeziya GPS stansiyası, 25 maillik ölçən stansiya, 9 maqnitometrik, 4 qravimetrik və 6 seysmogeokimyəvi stansiyalardan ibarət informasiya-kommunikasiya texnologiya kompleksi nadir geodinamik monitorinq sistemi yaradılıb.

O, “Azərbaycanda seysmoproqnostik müşahidələr kataloqu” elmi jurnalının baş redaktoru, “427-2010-cu illər üzrə Azərbaycanın güclü zəlzələlərinin xəritəsi”nin redaktoru, “Xəbərlər” (Yer elmləri seriyası) jurnalının redaksiya heyətinin üzvüdür.

Q.Yetirmişli Аzərbаycаn Sеysmоlоqlаr Assоsiаsiyаsının  prеzidеnti, beynəlxalq və xarici elmi qurumların – AGU (Amerika Geofiziklər Birliyi), ORFEUS (Avropa Seysmoloji Müşahidə və Araşdırma Mərkəzi), İRİS (Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu), EMSC (Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi), ESC-nin (Аvropa Seysmologiya Komissiyası) və Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, bir sıra beynəlxalq qrant layihələrinin rəhbəridir. O, Azərbaycan elmini dəfələrlə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konqres, simpozium, konfrans və yığıncaqlarda ləyaqətlə təmsil edib. 

Alimin tədqiqatlarının nəticələri 3 monoqrafiya və 130-dan artıq elmi əsərdə öz əksini tapıb. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə istinad olunur. Onun rəhbərliyi ilə 2 fəlsəfə doktoru hazırlanıb.

Q.Yetirmişlinin fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, 2005-ci ildə ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib, 2015-ci ildə isə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

Görkəmli alimi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: