Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

22.08.2017 11:46
  • A-
  • A
  • A+

Antik və orta əsr şəhər məskəni Qalatəpədə arxeoloji tədqiqatlar davam etdirilir

Antik və orta əsr şəhər məskəni Qalatəpədə arxeoloji tədqiqatlar davam etdirilir

AMEA Arxeologiya və Etnoqrafiya institutunun Mil-Qarabağ ekspedisiyası 2017-ci ilin yayında Qalatəpə antik və orta əsr şəhər məskənində arxeoloji tədqiqatları davam etdirib. Bir ay davam edən kəşfiyyat-axtarış işləri zamanı əsas diqqət abidənin orta əsr təbəqəsinin tədqiqinə yönəlib. Eyni zamanda, son illər təsərrüfat işlərinin xeyli genişləndiyi Mil düzü və Qarqarçay hövzəsindəki müxtəlif tarixi dövrlərə aid yaşayış məskənlərinin vəziyyəti nəzərdən keçirilib.

AMEA Arxeologiya və Etnoqrafiya institutunun aparıcı elmi işçisi, Mil-Qarabağ ekspedisiyası Qalatəpə dəstəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev bildirib ki, 2017-ci ilin çöl tədqiqat mövsümündə Qalatəpənin orta əsr təbəqələri arasında keçidi və əlaqələri öyrənmək məqsədilə II qazıntı sahəsində yeni – 9-cu kvadratda (D3) arxeoloji qazıntılara başlanılıb. Araşdırma zamanı 0,4-0,7 metr dərinlikdə yerləşən mədəni qatdan XI-XIII əsrin əvvəllərinə aid tikili qalıqları, çay daşından əmək alətləri, saxsı qab nümunələri aşkar edilib. Əvvəlki illərdə olduğu kimi, builki tədqiqatların gedişində də eyni dərinlikdə (0,4-0,7 metr) yerləşən mədəni təbəqədən bütöv halda maddi mədəniyyət nümunələrinə təsadüf olunması (məsələn, saxsı çıraq, şirli duz qabı, bardaq və s.) bu şəhər məskənində həyatın monqolların ilk hücumlarından sonra sönməsi haqqındakı fikri bir daha möhkəmlədir. Bəhs olunan təbəqədən altda isə IX-X əsrlər üçün səciyyəvi olan saxsı fraqmentlərinə rast gəlinib. Bu dövrə aid şirli qabların bədii tərtibatında anqob çəkilərək marqansla canlandırma və ya əksinə olan üsul geniş yayılıb. Eyni zamanda, saxsı qabların üzəri marqansla naxışlanıb şəffaf qurğuşun şiri ilə şirələnirdi. Naxış motivləri arasında həndəsi ornamentlərə (düz və ya qövsvari zolaqlar, dairələr, çərxi-fələk təsvirləri və s.) tez-tez rast gəlinir.

T.Əliyevin sözlərinə görə, D3 kvadratında qazıntı işləri 1,2 metr dərinliyə qədər davam etdirilib. Qalatəpədə aparılan tədqiqatlar göstərir ki, bu təbəqədən altdakı mədəni laylarda artıq şirli keramikaya təsadüf olunmur və həmin laylar üçün erkən orta əsrlərə və antik dövrə aid saxsı məmulatı səciyyəvidir.

Arxeoloq qeyd edib ki, Qalatəpə şəhər yerindən və nekropolundan əldə olunan artefaktlar qədim Azərbaycan dövləti olmuş Albaniyanın Ayniana (və ya Enian) şəhəri haqqında antik yunan coğrafiyaşünası Strabonun verdiyi məlumatı (“...deyirlər aynianlar Utiyada hasarlı şəhər salmışlar, o şəhərin adı Aynianadır”) qismən də olsa təsdiq edir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: