Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

17.08.2017 11:20
  • A-
  • A
  • A+

“Hindistan etnoqrafiyası" adlı iki cildlik dərs vəsaiti nəşr edilib

“Hindistan etnoqrafiyası" adlı iki cildlik dərs vəsaiti nəşr edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dillər Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Bəhmən Əliyevin (Ayvazalı) müəllifi olduğu “Hindistan etnoqrafiyası" adlı iki cildlik dərs vəsaiti nəşr edilib.

Dərs vəsaitinin birinci cildi “Hindistan etnoqrafiyası" (maddi mədəniyyət)” adlanır. Bu cilddə Hindistanın tədqiqinin mərhələləri, Hindistan etnoqrafiya (antropologiya, etnologiya) elminin yaranması və inkişaf tarixi öz əksini tapıb. Hindistanın tarixi-etnoqrafik səciyyəsi oçerklər şəklində qədimdən müasir dövrədək verilib, tarixə maddi və mənəvi mədəniyyətin inkişafı müstəvisində baxılıb. Kitabda Hindistanın coğrafi şəraiti və iqliminin təsərrüfat həyatına təsiri, təsərrüfatın xüsusiyyətləri və s. araşdırılıb.

“Hindistan etnoqrafiyası (mənəvi mədəniyyət)” adlanan dərs vəsaitinin ikinci cildində Hindistаn etnoqrafiyasının formalaşmasında dinlərin və dini inancların rolu, varna-cati sistemi, bayramlar, musiqi və rəqslər, ailə-nikah münasibətləri, irqi-etnik tərkib, etno-mədəni proseslərdə dil amili, etnolinqvistik ştatların yaranması və digər məsələlər ənənəvilik və müasirlik müstəvisində araşdırılaraq şərh olunub. Etnoqrafik materiallara Hindistanın tarixi, maddi və mənəvi mədəniyyəti ilə vəhdət şəklində baxılıb.

İki cildlik dərs vəsaiti hindistanşünaslıq üzrə ixtisas təhsili alan ali məktəb tələbələri, magistrlər, Hindistan etnoqrafiyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: