www.science.az
09.08.2017 15:06

Koreyanın Elm, Texnologiya və Siyasət İnstitutunun əməkdaşları AMEA Yüksək Texnologiyalar Parkında olublar

Koreyanın Elm, Texnologiya və Siyasət İnstitutu (STEPI) Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin (IICC) nümayəndələri AMEA Yüksək Texnologiyalar Parkında olublar.

Texnoparkın ərazisini ziyarət edən qonaqlara burada yaradılan şərait, innovasiyayönümlü məhsulların istehsalı üçün mövcud imkanlar, gələcəkdə görüləcək işlər barədə məlumat verilib.

Görüşdə gələcəkdə iki qurum arasında əlaqələrin daha da genişləndirilməsi, Koreyanın innovasiyaların sənayedə tətbiqi, həmçinin texnologiya transferi və kommersiyalaşdırması siyasəti sahəsində təcrübəsinin öyrənilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AMEA YTP-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev STEPI-nin nümayəndələrinə Azərbaycanın elm, texnologiya və innovasiya siyasətinin hazırki vəziyyəti, bu istiqamətdə həyata keçirilən islahatların ölkəmizin davamlı inkişafındakı rolundan danışıb. O, bu sahədə potensialın artırılmasının prioritet istiqamətlərdən biri olduğunu deyərək, beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini önə çəkib.

Daha sonra koreyalı qonaqlar AMEA Təcrübə-Sənaye Zavodunun və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələri, pilotsuz uçan aparatların istehsal sahələri, AMEA YT Parkın Mərkəzləşdirilmiş analitik laboratoriyası, o cümlədən Radio ekoloji monitorinq sistemi ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.