Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.08.2017 14:12
  • A-
  • A
  • A+

Koreyanın Elm, Texnologiya və Siyasət İnstitutu AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edir

Koreyanın Elm, Texnologiya və Siyasət İnstitutu AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edir

Koreyanın Elm, Texnologiya və Siyasət İnstitutu (STEPI) Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin (IICC) nümayəndələri Bakıda səfərdədirlər. STEPI avqustun 7-də AMEA Yüksək Texnologiyalar Parkının əməkdaşları üçün "Elm texnologiyaları innovasiya siyasəti və sənayesi" mövzusunda təlim-seminara başlayıb.

Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev elm, texnologiya və innovasiya potensialının artırılmasının ölkə iqtisadiyyatının əsas prioritet istiqaməti olduğunu bildirib. O, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini qeyd edərək bildirib ki, seminarın keçirilməsində əsas məqsəd Koreyanın innovasiyaların sənayedə tətbiqi sahəsində təcrübəsinin öyrənilməsi, həmçinin Koreya ilə Azərbaycan arasında elm və texnologiya sahəsində davamlı əməkdaşlığa nail olmaqdır.

Koreyanın Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin (IICC) potensialın gücləndirilməsi və təlimlər qrupunun rəhbəri Eunjoo Kim 1987-ci ildə yaradılan STEPI-nın elm və texnologiya siyasətinin inkişafında mühüm rol oynadığını, bu sahədə tədqiqatlar üçün qlobal düşüncə platformasını genişləndirərək milli rəqabət qabiliyyətini inkişaf etdirdiyini deyib. Bildirib ki, 2014-cü ildə STEPI-nın nəzdində yaradılan Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzi (BİƏM) Koreyanın elm, texnologiya və innovasiya sahəsindəki təcrübəsini tərəfdaş ölkələrlə, o cümlədən Azərbaycanla paylaşmada maraqlıdır.

Dörd gün davam edəcək seminarda “Elm texnologiyası siyasətinin həyata keçirilməsi”, “Elm, texnologiya və innovasiya parklarının idarəedilməsi”, “Milli regional innovasiya sisteminin yaradılması” kimi mövzulara toxunulacaq. Elm, texnologiya və innovasiya siyasətinin milli innovasiyada oynadığı mühüm rol, Koreya iqtisadiyyatını yüksəltməyə yönəlmiş elm, texnologiya və innovasiya siyasətində əldə olunan nailiyyətlərə dair məruzələr dinləniləcək. Həmçinin Azərbaycanın elm və texnologiya siyasətinin cari vəziyyəti və qarşılaşdığı problemlər müzakirə olunacaq.

Seminarda Koreyanın texnologiya transferi və kommersiyalaşdırması siyasəti və Azərbaycanda bu sahədə mövcud vəziyyət ilə bağlı müzakirələr aparılacaq. Təlimlər Azərbaycan kontekstində texnologiyanın transferi və kommersiyalaşdırılmasının təşviqi ilə bağlı qrup təlimləri ilə başa çatacaq. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: