Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Naxçıvan Bölməsinin yaradılmasından 15 il ötür
07.08.2017 12:27
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin yaradılmasından 15 il ötür

AMEA-nın Naхçıvan Bölməsi müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə Naxçıvan Regional Elm Mərkəzinin bazasında yaradılmış, 2003-cü ilin yanvar ayının 15-də isə fəaliyyətə başlamışdır.

Həmin sərəncamdan bir neçə gün sonra, avqust ayının 12-də ulu öndər Heydər Əliyev Naxçıvana gələrək AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasına həsr olunan müşavirə keçirmişdir. Naхçıvan Muxtar Respublikası Ali Məclisində kеçirilən müşavirədə Naxçıvan Bölməsinin yaradılmasının zəruriliyindən və qarşıda duran vəzifələrdən bəhs olunmuşdur.

Sərəncama müvafiq olaraq, AMEA Naxçıvan Bölməsində 6 elmi-tədqiqat institutu - Tarix, Etnоqrafiya və Arxeоlоgiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Biоresurslar İnstitutu, Batabat Astrоfizika Rəsədxanası və Əlyazmalar Fоndu yaradılmışdır.

2002-ci ildən ötən dövr ərzində bölmənin nəzdində müasir avadanlıqlarla təchiz olunan “Tusi” nəşriyyatı, Yaşıl aptek, “Arxeologiya və Etnoqrafiya muzeyi”, o cümlədən Distant Təhsil Mərkəzi, İnformasiya Kommunikasiya Texno­logi­ya­ları otağı yaradılmış, Təbii Ehtiyatlar İnstitutunda fəaliyyət göstərən Seysmoloji Xidmət Mərkəzi zəruri proqram təminatı ilə təchiz olunmuşdur.

Ötən müddət ərzində bölmə əməkdaşlarının 182 kitabı, 172 mоnоqrafiyası, 37 bukleti, 20 metоdik vəsaiti, 18 xəritəsi, 200 tezisi, 4 tövsiyəsi, 6591 elmi məqaləsi çap оlunmuşdur. Əsərlərdən 18 kitab, 16 monoqrafiya, 65 tezis, 1410 elmi məqalə xarici ölkə nəşrlərində işıq üzü görmüşdür. Həmçinin 28 patent alınmışdır.

Bundan əlavə, Fransanın Beynəlxalq Qeydiyyat Xidmətində qeydiyyatdan keçərək beynəlxalq kod almış və iki seriyada (ictimai və humanitar elmlər və təbiət və texniki elmlər seriyası) ildə dörd dəfə nəşr olunan “Xəbərlər” jurnalının 48, “Axtarışlar” jurnalının isə 24 nömrəsi çapdan çıxmışdır.

Bölmə AMEA-nın еlmi-tədqiqat institutları ilə yanaşı, dünyanın bir sıra nüfuzlu elm ocaqları ilə əməkdaşlığını genişləndirmişdir. Belə ki, AMEA Naxçıvan Bölməsi ilə Polşa Elmlər Akademiyasının Krakov Bölməsi arasında, Bölmənin Bioresurslar İnstitutu ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının “Botanika” Elm-İstehsalat Mərkəzi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu ilə Fransa Respublikası Milli Elmi Araşdırmalar Mərkəzinin Arxeologiya laboratoriyası arasında, həmçinin Əlyazmalar Fondu ilə M.Füzuli adına Əlyazmalar İnstitutu arasında əməkdaşlığa dair müqavilələr imzalanmış, müştərək işlər görülmüşdür.

Ötən dövr ərzində bölmədə fəaliyyət göstərən “Hеydər Əliyеv lеktoriyası”nın 74 məşğələsi kеçirilmişdir. Ölkə təhsilində ilk dəfə olaraq “İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri arasında müxtəlif mövzularda interaktiv açıq dərslər təşkil olunmuşdur.

Bölmədə Naxçıvanın tarixi, arxeоlоgiyası, etnоqrafiyası, fоlklоru, ədəbi və mədəni mühiti, оnоmastikası, biоmüxtəlifliyi, təbii ehtiyatları və digər sahələr üzrə elmi-tədqiqat işləri aparılmış, mühüm nəticələr əldə edilmişdir.

Ümummilli liderin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılan və Naxçıvanda elmin mərkəzi və məbədgahına çevrilən AMEA-nın Naxçıvan Bölməsi özünün uğurlu inkişafı və ciddi nailiyyətləri ilə Azərbaycan xalqının böyük xilaskarı ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik elm siyasətinin qələbəsini təzahür etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: