Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun 65 yaşı tamam olur
31.07.2017 17:14
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun 65 yaşı tamam olur

Avqustun 1-də ölkəmizdə sorbsiya proseslərinin öyrənilməsi sahəsində tanınmış alim, Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun 65 yaşı tamam olur.

Əliəddin Dəyyan oğlu Abbasov 1952-ci il avqustun 1-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Bənəniyar kəndində anadan olub. 1969-cu ildə orta məktəbi qızıl medalla başa vurduqdan sonra o, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olub.

Əmək fəaliyyətinə Culfa rayonunun Bənəniyar və Xanağa kənd orta məktəblərində kimya müəllimi kimi başlayan Ə.Abbasov 1977-1993-cü illərdə Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasında təhsilini davam etdirib.

1987-ci ildə namizədlik, 2008-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

1993-2002-ci illərdə Azərbaycan EA-nın Elm mərkəzinin müdiri vəzifəsində çalışıb. Alim 2003-cü il AMEA Naxçıvan Bölməsinin yaradılmasından sonra isə bölmənin Təbii Ehtiyatlar İnstitutuna rəhbərlik edir.

Ə.Abbasovun elmi fəaliyyətinin əsas istiqamətini müxtəlif xarakterli sorbentlər, onların funksional qruplarının təbiəti, sorbent-sorbat qarşılıqlı vəziyyətinin tarazlıq şərtləri, sorbsiya proseslərinin kinetikası, dinamikası, termodinamikası, işlənmiş sorbentlərin regenerasiya rejimlərinin elmi əsaslarının işlənib hazırlanması təşkil edir. O, bir sıra yeni qeyri-üzvi sorbentlərin sintezi, onların funksional qruplarının təsir mexanizmi, eləcə də onların tərkib və quruluşlarının sorbsiyanın effektivliyinə təsirinin öyrənilməsi sahəsində sistematik fundamental araşdırmalar aparır. Onun əldə etdiyi ən mühüm nəticə sorbsiyanın seçiciliyi ilə sorbentlərin kinetik qabiliyyətləri arasındakı əlaqənin müəyyənləşdirilməsi olmuşdur.

Kimyaçı alimin elmi maraq dairəsi təkcə sorbsiya prosesləri ilə məhdudlaşmır. Onun Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında Naxçıvanın mineral sərvətlərinin öyrənilməsi ilə bağlı əldə etdiyi nəticələr xüsusi əhəmiyyətlidir. Gümüşlü yatağı filizinin tam tərkibi Ə.Abbasov tərəfindən atom-absorbsion spektroskopiya və digər metodlarla təyin edilmiş, filizin əsas faydalı komponentlərindən istifadə etməklə optimal flotasiya rejimi müəyyənləşdirilmiş, filizin zənginləşdirilməsi üçün birbaşa seçici flotasiya sxemi seçilmiş və nəzərdə tutulan elementlərə görə yüksək qatılıqlı konsentrat alınmışdır.

AMEA-nın müxbir üzvü Ə.Abbasov elmi yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğuldur. O, Naxçıvan Dövlət Universitetində analitik kimya və səth hadisələri kimyasından mühazirələr oxuyur. 10-dan artıq beynəlxalq konqres və simpoziumlarda elmi məruzələr edib.

Alimin fundamental və tətbiqi xarakterli tədqiqatları 160-dan artıq elmi əsərdə öz əksini tapmışdır. Beynəlxalq jurnallarda onun əsərlərinə istinad olunur. O, həmçinin AMEA Naxçıvan Bölməsi "Xəbərlər"inin (Təbiət və texniki elmlər seriyası) redaksiya heyətinin üzvüdür.

Elmi-pedoqoji sahədə səmərəli fəaliyyətinə görə Ə.Abbasov AMEA Rəyasət Heyətinin və Naxçıvan Bölməsinin Fəxri fərmanları ilə təltif edilmişdir.

Kimyaçı alimi 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: