www.science.az
27.07.2017 13:53

Naxçıvan ərazisində yeni arxeoloji abidələr aşkarlanıb

Son illərdə aparılan araşdırmalar zamanı Naxçıvan Muxtar Respublikasının ərazisində xeyli yeni arxeoloji abidə aşkar olunub.

Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü, Vəli Baxşəliyevin sözlərinə görə, bu abidələrin bir qismi Eneolit (mis-daş dövrü, e.ə. VI-IV minilliklər) dövrünə aiddir. Alim Naxçıvan şəhəri yaxınlığındakı Uçan Ağıl və Uzunoba abidələrinin tədqiqi zamanı götürülən radiokarbon analizlərinin V minilliyin birinci yarısına aid olduğunu deyib.

Bundan əlavə, Naxçıvançayın sağ sahilində aşkar olunan yeni yaşayış yerindən Dalma Təpə tipli boyalı, dırnaq, barmaq və barmaq basqısı ilə naxışlanmış keramika aşkarlanıb. Yeni tapıntılar Eneolit mədəniyyətinin Cənubi Qafqazda, Azərbaycanda mövcud olduğunu, Urmiya hövzəsi və Naxçıvanın qədim mədəniyyətlərinin ortaq özəllikləri daşıdığını sübut edir.

V.Baxşəliyev Urmiya hövzəsindəki Eneolit abidələrində istifadə olunan obsidianın (dəvəgözü, vulkanik mənşəli şüşədən ibarət dağ suxuru) 95%-nin Naxçıvan yaxınlığındakı Sünik yatağından aparıldığını bildirib: “Kültəpə ətrafındakı Eneolit abidələrinin tədqiqi Naxçıvanda 60%-i Göyçə, 30 %-i Sünik obsidianından istifadə olunduğunu və Urmiya hövzəsi yaşayış yerlərinin obsidianla təmin olunmasında Naxçıvanın mühüm strateji nöqtə olduğunu göstərir. Hazırda Eneolit yaşayış yerlərinin GPS koordinatları əsasında xəritələşdirilməsi qədim kommunikasiya xətlərini müəyyənləşdirməyə imkan verir”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.