Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Applied and Computational Mathematics” Azərbaycan elmi jurnalı MDB-də lider, Şərqi Avropa məkanında isə öncül mövqedədir
17.07.2017 09:10
  • A-
  • A
  • A+

“Applied and Computational Mathematics” Azərbaycan elmi jurnalı MDB-də lider, Şərqi Avropa məkanında isə öncül mövqedədir

Təhsil, elm hər bir dövlət üçün strateji sahədir və onun inkişafı, təbliği, dünyada tanıdılması daim diqqət mərkəzindədir. Elm inkişaf etdikcə, texniki tərəqqi yüksəldikcə elmi-texniki nailiyyətlərin dünya səviyyəsində təqdim olunması istiqamətində də yeniliklər baş verir, mütərəqqi metodların tətbiqinə meydan açılır. Dünya elminə inteqrasiya, qarşılıqlı əməkdaşlıq hər zaman olduğu kimi, bu gün də öz aktuallığını qoruyub saxlayır və bir zərurət kimi qarşıda durur.

Dünyanın bir parçası olan Azərbaycan da əsrlərlə formalaşan ənənəsinə sadiq qalaraq dünya elminə öz töhfələrini verir. Alimlərimizin böyük zəhməti hesabına əldə olunan nailiyyətlər, elmi kəşflər dünya elmi ictimaiyyətinin diqqətinə çatdırılır və öz layiqli qiymətini alır. Bu məqsədlə müxtəlif vasitələrdən istifadə olunsa da beynəlxalq səviyyəli elmi jurnalların rolu, əhəmiyyəti bu gün də yüksək qiymətləndirilir. 

Bu yaxınlarda aldığımız xoş bir xəbər söylədiklərimizi bir daha təsdiqləyir. Belə ki, ABŞ-ın “Clarivate Analytics” şirkəti (“Thomson Reuters” agentliyi) tərəfindən bu günlərdə açıqlanan 2016-cı il üçün hesabata əsasən 2002-ci ildən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi ilə nəşr olunan “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyatı) jurnalının təsir əmsalı (impact factor) 0.717-dən 1.333-ə yüksəlib. 

Bu, Azərbaycan elminin nailiyyətidir... 

Bu günlərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, “Applied and Computational Mathematics” jurnalının baş redaktoru, akademik Fikrət Əliyevlə görüşüb söhbət etmişik. Onunla müsahibəni oxucuların diqqətinə çatdırırıq:

— Fikrət müəllim, ilk öncə sizi jurnalınızın qazandığı böyük nailiyyət münasibətilə təbrik edirəm. Hər bir uğurun əsasında zəhmət dayanır. Deməli, sizin də zəhmətiniz hədər getmir... 

— Təbrik, xoş sözlər üçün çox sağ olun. Fürsətdən istifadə edib mən də Azərbaycan elmi ictimaiyyətini, bütün xalqımızı təbrik etmək istəyirəm. Bu, həqiqətən böyük uğur, dövlətimizin bu sahəyə diqqət və qayğısının nəticəsidir. Bu, o deməkdir ki, Azərbaycan elmi artıq dünya elmi ictimaiyyəti tərəfindən qəbul olunub. 

Bilirsiniz ki, dünyada bir çox elmi qiymətləndirmə sistemləri mövcuddur ki, onların da ən mükəmməli və dünya elmi ictimaiyyəti tərəfindən qəbul olunan ABŞ-ın “Clarivate Analytics” şirkətinin qiymətləndirmə sistemidir. Bu şirkət tərəfindən indekslənən elmi jurnallarda çap olunmuş məqalələrə dünyanın bir çox universitet və elmi-tədqiqat mərkəzlərinin əməkdaşları istinad edir. Bu istinadların sayı da jurnalların qeyd olunan reytinqini müəyyənləşdirir. 

“Applied and Computational Mathematics” jurnalı “impact factor” göstəricisinə görə MDB məkanında öz liderliyini qoruyub saxlayır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının təsis etdiyi bu jurnal hələ ki, təsir əmsalına malik ilk və yeganə Azərbaycan jurnalıdır. 2002-ci ildən ingilis dilində nəşr olunan jurnalda tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir. 

Bu gün dünyada 100 mindən çox elmi-tədqiqat jurnalı çap olunur və bu jurnallar elmin müxtəlif sahələrini əhatə edir. Həmin jurnalların təqribən 12 mindən çoxu qiymətləndirmə sisteminə daxildir və onların keyfiyyət əmsalına da bu qiymətləndirmə sistemində dəyər verilir. Bu siyahıya keçən il daha 5 min jurnal da əlavə edilib, ancaq keyfiyyət əmsalları yoxdur. Onu da qeyd edək ki, həmin 5 min jurnalın içərisində Azərbaycanda nəşr olunan 4 elmi jurnal da var. Onlardan ikisi Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika Riyaziyyat İnstitutunda, biri BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda, dördüncüsü isə Xəzər Universitetində dərc olunur. 

Bəli, 2016-cı ilin hesabatına əsasən “Applied and Computational Mathematics” jurnalının keyfiyyət dərəcəsi 0.717-dən 1.333-ə yüksəlib. Bu rəqəm özlüyündə nəyi ifadə edir? Hər şeydən əvvəl, bu, onu göstərir ki, jurnal MDB məkanında keyfiyyət əmsalı olan jurnallar arasında ən yüksək jurnaldır. Daha dəqiq desək, liderdir. Bu fikir Bakıda iyunun 29-da işə başlayan Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA), Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) tərəfindən birgə keçirilən “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminarda da səsləndirilib. Qeyd edilib ki, “Təhsil Nazirliyinin və ardınca AMEA-nın atdığı addımlar nəticəsində “Thomson Reuters” nəşrlərində və sitatlanma “H” indeksinə görə, Azərbaycan universitetləri son illərdə bir neçə pillə qalxaraq vəziyyətini yaxşılaşdırıb, hətta “Tətbiqi və Hesablama Riyaziyyatı” jurnalımız, “Thomson Reuters” sistemində MDB lideridir”. 

“Thomson Reuters”in seçdiyi jurnallar ilk öncə obyektivliyinə görə fərqlənən jurnallardır. Biz də əvvəlki illərdə olduğu kimi, obyektivliyi əldən vermədik, onu bir az da artırdıq. Obyektivlik olmasa, heç nə etmək mümkün deyil, azacıq bu yoldan sapınsan, kiməsə cüzi də olsa güzəşt olunsa qarşıya qoyulan məqsədə çatmaq qeyri-mümkündür. Biz kollektiv şəkildə obyektivliyi tam təmin etməyə çalışmışıq. Elə bu mövqeyimizə görə də ötən il bir pillə də irəliləmişik... 

— Siz haqlı olaraq kollektivdən söz saldınız. Düşünürəm ki, bu nailiyyətdə jurnalın kollektivinin əməyi az olmamışdır...

— Tamamilə doğrudur, jurnal, ümumiyyətlə hər bir mətbu orqan kollektiv əməyin məhsuludur. Bizim jurnalın redaksiya heyətinə dünyanın 17 ölkəsindən 24 nəfər tanınmış, görkəmli alim, elm adamı daxildir. Çalışırıq ki, onlar bu işdə daha aktiv olsunlar. Redaksiyaya daxil olan məqalələri saf-çürük etmək, istər məqalələrin, istərsə də onların müəlliflərinin səviyyəsini müəyyənləşdirmək birbaşa redaksiya heyətinin üzvlərinə həvalə olunub. Burada da məsələlər tam obyektivlik şəraitində həll edilir. 

Jurnalın nəzdində Bakı qrupu da fəaliyyət göstərir. Dörd nəfərdən ibarət olan qrupa riyaziyyat üzrə fəlsəfə doktoru, jurnalın redaktor müavinlərindən biri Nərgiz xanım Səfərova rəhbərlik edir. Qrup aparıcı alimlərlə əlaqə saxlayır, məqalələri seçib rəy yazmaq üçün təqdim edir, materialların yüksək səviyyədə ingilis dilinə çevrilməsinə, çapa hazırlanmasına və s. tam nəzarət edir. Məhz onların səyi, zəhməti, vətən təəssübkeşliyinin nəticəsidir ki, “Applied and Computational Mathematics” jurnalı həm də Şərqi Avropada III yerdə qərarlaşıb. Bu regionun yaşı da, təcrübəsi də çox olan aparıcı jurnalları arasında üçüncü olmaq da cəmi 16 illik nəşr tarixi olan bir jurnal üçün yüksək göstəricidir. Belə jurnalların redaksiyaları ilə qarşılıqlı əməkdaşlıq bizə böyük fayda verir. Biz artıq Ukrayna, Rumıniya, Macarıstan və s. kimi ölkələrin aparıcı jurnallarını alırıq. Qarşılıqlı əməkdaşlıq formasında bu, bizə dünya elminin son nailiyyətləri ilə daha yaxından tanış olmağa imkan verir. 

Onu da qeyd edim ki, “Thomson Reuters”in nəzdində jurnal redaksiyalarının digər redaksiyalarla, elmi-tədqiqat mərkəzləri ilə əlaqələrini öyrənən bir bölmə var. Bu işlərə həmin bölmə nəzarət edir. Qaldı ki, bizim jurnala, hazırda dünyanın 50 ölkəsindən 300-dək elmi-tədqiqat institutu ilə əlaqə qurmuşuq. Zənnimcə, Azərbaycan elmi üçün bundan yaxşı təbliğat ola bilməz. Bu gün bizim impakt faktoru alan yalnız bir jurnalımız varsa və deyilən uğurları əldə edə bilmişiksə, təsəvvür edin, belə jurnalların sayı 5-10 olsa dünya elm çapında vəziyyətimiz necə olar?!

Son vaxtlar redaksiyaya daxil olan məqalələrin sayı xeyli artıb. Bununla əlaqədar olaraq məqalələrə baxılma müddəti də 6 aydan 1 ilədək uzadılıb. Rəyçi sisteminin tərkibini seçmək üçün də məsuliyyətimiz çoxalıb. Daha güclü, savadlı, obyektiv rəyçilər tapmaq lazım gəlir. Jurnalın təsir əmsalının belə yüksəlməsi, eyni zamanda, rəyçi qrupunun da keyfiyyətinin artmasına səbəb olur. Həmçinin rəyçilərin özlərinin də məsuliyyəti çoxalır. 

Elə yazı olur ki, çap olunan kimi böyük rezonans yaradır, maraq artır, istinadlar çoxalır... belə yazıları (məqalələri) dünya elmi ictimaiyyəti “acgözlüklə” gözləyir. 

“Thomson Reuters”in tələbi ilə hər 5 ildən bir jurnalın rəyçilərinin tərkibi jurnalda açıqlanır. Jurnalların səviyyəsi onda bir daha aydın görünür. Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istərdim. Bizim rəyçilər qrupunda azərbaycanlı alimlərin sayı çox azdır, çünki onların çoxunun beynəlxalq səviyyədə rəy yazmaq həvəsləri yoxdur. Bir maraqlı məqam da var. Bizim bir sıra alimlərə rəy yazmaq üçün məqalə göndərəndə ilk sualları belə olur: “Rəy müsbət, ya mənfi olmalıdır?” Qəribə yanaşmadır. Biz obyektivlik istəyirik, bu necə olur... Bu vəziyyətdə hansı irəliləyişdən söhbət ola bilər ki? Görünür ciddi reformaya ehtiyac var!

Sözsüz ki, yaxşı nəticə əldə etmək üçün bütün bunlar kifayət deyil, dəstək, qayğı, diqqət də lazımdır. Bu mənada biz ilk növbədə ölkə başçısı Prezident İlham Əliyevə minnətdarıq. Jurnal yarandığı gündən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyini hər an hiss etmişik. Qeyd edim ki, jurnalların keyfiyyətinin yüksəlməsində uyğun profilli konfransların keçirilməsinin böyük əhəmiyyəti var. Belə konfransların təşkilinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xüsusi diqqəti həmişə hiss olunub və xüsusən konfransların Bakıda keçirilməsinə nazirliyin rəhbərliyi böyük kömək edir. Bakı Dövlət Universitetinin rəhbərliyi yaxşı işləmək üçün şərait yaratmışdır. Yeri gəlmişkən, qeyd edim ki, biz 6-cı uyğun konfransın keçirilməsinə hazırlaşırıq ki, bu da Bakıda keçirilən 4-cü konfrans olacaqdır. 

Bu cür konfransların böyük əhəmiyyəti var. Dünya alimləri Bakıya gəlir, ölkəmizlə yaxından tanış olur, inkişafı, sabitliyi görürlər ki, bu da onlarda bizimlə işləməyə stimul yaradır. Təbii ki, dövlətimizin qayğısı, dəstəyi artdıqca, jurnalımız da pillə-pillə irəliləyəcək və elmimizin dünya elminə inteqrasiyasına mühüm addımlar atılacaq. 

Mən bir daha deyirəm, MDB-də lider, Şərqi Avropada III yerə yüksəlmək asan deyil. Mən bir faktı deyim. Hazırda “Thomson Reuters” sistemində Rusiyanın yalnız tətbiqi-riyaziyyat üzrə impakt faktorlu 24 jurnalı var: “Əlbəttə biz bu göstərici ilə kifayətlənməməliyik, çalışmalıyıq ki, jurnalın keyfiyyət əmsalı getdikcə artsın. İlk növbədə hazırda Azərbaycanda çap olunan və “Thomson Reuters” sisteminə daxil olan 4 jurnalı bir araya gətirməli, alimlərimizi bir məqsəd ətrafında birləşdirməliyik, yəni sistemli şəkildə işləmək lazımdır. Bu, həm də həmin jurnalların inkişafına kömək edər. Biz artıq bu istiqamətdə işə başlamışıq. Dünya miqyasında tanınan azərbaycanlı alimlərdən bir neçəsini jurnalımızla əməkdaşlığa cəlb etmişik. Məsələn, Şimali Kipr universitetlərindən birində çalışan professor Nazim Mahmudovu bu yaxınlarda baş redaktorun müavinlərindən biri seçmişik. Sağ olsun, o da bu təklifi qəbul edib. Artıq onun köməyini, dəstəyini hiss edirik. Həmçinin Təbriz Universitetinin müəllimi, əslən azərbaycanlı olan professor Mehrdad Lakestanini isə redaksiya heyətinə daxil etmişik. İndi o, bizə rəyçilər sisteminin yüksək səviyyədə formalaşmasında yaxından kömək edir. 

Mən baş redaktorlarımızın əməyini də xüsusi qeyd etməliyəm. Onlar öz köməklərini əsirgəmir, rəy prosesində iştirak edir, məqalələrə rəy yazır, məqalələr seçir, onları rəy yazmaq üçün öz çevrələrindəki tanınmış alimlərə göndərirlər. Fəxri redaktor, professor Tamer Bəşər (İllinois Universiteti, ABŞ) beynəlxalq səviyyəli konfransların təşkilində köməklik edir, bu konfranslarda məruzə ilə çıxışlar edir. O, bir neçə il öncə AMEA-nın fəxri doktoru seçilib. Uzun müddət dünyanın ən aparıcı elmi jurnallarından biri, “Automatica” jurnalının baş redaktoru olmuşdur. Hazırda öz təcrübəsini bizimlə bölüşməkdə davam edir. Təbii ki, bütün bunlar bizə daha yaxşı işləməyə stimul verir. 

— Fikrət müəllim, hazırda bizim alimlər ölkəmizdə elmi qiymətləndirmə sahəsində dəyişikliklər etməyin zəruriliyi barədə fikirlər səsləndirirlər. Yeni qiymətləndirmə sistemi yaratmaq istəyənlər də var. Sizin bu fikirlərə münasibətinizi bilmək istərdik. 

— “Thomson Reuters” Agentliyi Elmi İnformasiya İnstitutu kimi fəaliyyətə başlayıb, 1964-cü ildə beşcildlik ilk Elmi İstinadlar İndeksini çap etdirib. Bununla o, 50 ildən artıqdır ki, elmi cəmiyyətə öz töhfələrini verir. İndi hökumət agentlikləri, nazirliklər, siyasi qurumlar dünya elm aləmindəki yenilikləri öyrənmək üçün məhz “Thomson Reuters”in məlumat bazasına etibar edir. Onu da qeyd edək ki, məşhur “Reuters” İnformasiya Agentliyi də bu təşkilatın strukturlarına daxildir. Bu yaxınlarda isə onun nəzdində “Clarivate Analytics” şirkəti də fəaliyyətə başlayıb ki, qiymətləndirmə sistemi bura daxil edilib. 

Biz artıq yeni fazaya daxil olmuşuq, yəni ötən il Azərbaycan dövlətinin dəstəyi ilə “Clarivate Analytics Web of Science” platformasına çıxış əldə olundu. Zənnimcə, yeni qiymətləndirmə sistemi yaratmağa heç bir ehtiyac yoxdur. Dünya bu sistemi qəbul edir və biz də onunla işləməliyik. 

Bu gün ölkədə çap olunan 300-dən çox elmi-tədqiqat jurnalının yalnız 5-nin dünya elmi qiymətləndirmə sisteminə daxil olması və onlardan tək birinin keyfiyyət əmsalına malik olması heç də qənaətbəxş deyildir. Bunun səbəbini özümüzdə axtarmalıyıq. Reytinqli jurnalların sayı artmalı, alimlərimizin ayrı-ayrı sahələrdə əldə etdikləri nailiyyətlər dünyada tanınmalı və ölkəmizin sənaye və iqtisadiyyatına tətbiq olunmalıdır. Alimlərimiz, elmi təşkilatların məsul şəxsləri buna çalışmalı, bütün qüvvələri bu istiqamətdə cəmləşdirməlidirlər. Biz şəxsi mənafe ilə milli mənafeyi qarışdırmamalıyıq. Bu birgə əməkdaşlıqdan ən çox qazanan da biz olacağıq. İnanıram ki, o, gec-tez öz bəhrəsini verəcəkdir. 

Biz bunu gələcək nəsillər üçün etməliyik. Atalar nahaq yerə deməyib ki, güc birlikdədir...

— Fikrət müəllim, maraqlı söhbət üçün sağ olun. Biz də sizə bu şərəfli işinizdə uğurlar diləyirik. Hər zaman liderlər cərgəsində olun!..

"Respublika" qəzeti, 14 iyul 2017-ci il.

  • Paylaş: