www.science.az
13.07.2017 09:05

AMEA əməkdaşlarına “Web of Science” üzrə sertifikatlar təqdim olunub

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində “Web of Science” məlumat platforması üzrə sertifikasiya proqramında iştirak etmiş AMEA-nın institut və təşkilatlarının əməkdaşlarına sertifikatlar təqdim olunub. 

Sertifikatları iştirakçılara AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

11-12 iyul 2017-ci il tarixlərdə keçirilən sertifikasiya proqramında AMEA-nın 20 elmi-tədqiqat müəssisəsindən məsul şəxslər iştirak edib. 

Proqramda iştirakçılara “Web of Science Core Collection”ın yaranma tarixi, əsas prinsipləri, istinadların analizi, jurnalların seçilməsi, məlumat bazası, axtarış sorğusunun tərtib edilməsi, sorğunun dəqiqləşdirilməsi və axtarış nəticələrinin analizi, nəticələr üzərində iş, müəllif və istinad olunma göstəriciləri, “ResearcherID” istifadəçisinin profili və s. barədə ətraflı məlumat verilib. İştirakçılar “Journal Citation Reports”un jurnallarına istinad üzrə illik hesabatlar, “Journal Citation Reports”un strukturu və interfeysi, “EndNote online” vasitəsilə biblioqrafiya üzərində iş, məlumat bazasında təşkilat üzrə genişləndirilmiş axtarış, “InCites” analitik platformasından istifadə qaydalarına dair biliklərə yiyələndilər, eləcə də praktiki tapşırıqları yerinə yetiriblər.

Qeyd edək ki, sertifikat almış mütəxəssislər işlədikləri təşkilatlarda “Web of Science” platforması üzrə məsul şəxs qismində fəaliyyət göstərəcəklər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.