Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.07.2017 16:35
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib

İyulun 5-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin əvvəlində akademik Zemfira Səfərovaya 80 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.

İclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının nizamnaməsinə qismən dəyişiklik edilməsi ilə bağlı qərar da qəbul olunub.

Akademik Murtuza Nağıyevin 110 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi Bürosunun tərkibinin, o cümlədən AMEA-nın Elm Tarixi İnstitutunun Elmi şurasının yeni tərkibinin təsdiq olunması, AMEA Qafqazşünaslıq İnstitutunun strukturunda qismən də­yi­­şiklik edilməsi və AMEA Zoologiya İnstitutunda beynəlxalq əlaqələr şöbəsinin yaradılması gündəlikdə yer alan məsələlərdən olub.

İclasda, həmçinin biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifovanın ABŞ-ın Kaliforniya Universitetinə və biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Məmmədovanın ABŞ-ın Florida Universitetinə ezam olunmaları barədə qərarlar qəbul edilib.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev və görkəmli bəstəkar, Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əli-zadənin 70 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsinə dair qərarlar qəbul olunub.

İclasda bir sıra kadr məsələlərinə də baxılıb. Rəyasət Heyətinin qərarı ilə hüquq üzrə elmlər doktoru Aytən Mustafayeva AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru vəzifəsinə təsdiq edilib. Texnika üzrə elmlər doktoru Hikmət İbrahimov AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli isə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifələrinə təyin olunublar. Elçin Seyfullayev isə AMEA Rəyasət Heyəti aparatı Beynəlxalq Əlaqələr İdarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: