Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvanın əlyazma mətnlərindən bəhs edən monoqrafiya çap olunub
29.06.2017 10:34
  • A-
  • A
  • A+

Naxçıvanın əlyazma mətnlərindən bəhs edən monoqrafiya çap olunub

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun “Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri” adlı yeni monoqrafiyası işıq üzü görüb.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın məsləhətçisi AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçiləri - filologiya üzrə elmlər doktoru, professor Sənan İbrahimov və filologiya üzrə elmlər doktoru Fərman Xəlilovdur.

Azərbaycan mətnşünaslığında ilk dəfə olaraq bu əsərdə XIX əsrin sonu - XX əsrin əvvəlləri Naxçıvana dair əlyazma qaynaqları, onların təsvir prinsipləri, filoloji-tekstoloji təhlili və digər səciyyəvi xüsusiyyətləri araşdırılıb. Müəllif 30-dan çox arxivdə mühafizə olunan Azərbaycan, türk, rus, fars və ərəb dillərində Naxçıvana dair elmi, bədii, fəlsəfi və tarixi məzmunlu salnamələri sistemli tədqiqata cəlb edib.

Kitabda Əbu Bəkr ibn Xosrov əl-Ustadın “Munisnamə”, Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhab əd-Dümu” kitabları, Əsədi Tusinin “Gərşaspnamə” epopeyası, Məhəmməd Tağı Sidqinin “Dilimiz və məktəbimiz” məktubu, Məmməd Səid Ordubadinin “Qanlı sənələr”, Mirzə Bağır Əliyevin “Qanlı günlərimiz”, Əliqulu Mirzayi Naxçıvaninin “Əqaidi-fəlsəfə” əsərləri, Heyran xanımın “Divanı”, Cəlil Məmmədquluzadənin müxtəlif məktubları və “Molla Nəsrəddin” jurnalının gizli müəllifləri, Türkiyənin “Osmanlı arxivi”ndə saxlanılan “Naxçıvan sancağı” adlı əlyazmalar və digər əsərlər filoloji-tekstoloji təhlil olunub.

Monoqrafiyada, həmçinin Herodotun “Tarix” kitabından “Astiyaq” və “Tomiris” əfsanələrinin, “Oğuznamə” və “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycanla və Naxçıvanla əlaqəsindən danışılır.

Müəllif yekunda bu nəticəyə gəlir ki, XIX əsrin sonu - XX əsrin əvvəllərinə dair Naxçıvan əlyazmaları ərəb əlifbasının müxtəlif xətt növləri ilə yazılıb və həmin əlyazmalar Naxçıvanın ərazisi, əhalisi, toponimləri, etnik tərkibi, elmi, ədəbiyyatı, mədəniyyəti haqqında zəngin məlumat verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: