Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.03.2014 00:00
  • A-
  • A
  • A+

AMEA bölgələrdə elmin kütləvi təbliğinə başlayıb

AMEA bölgələrdə elmin kütləvi təbliğinə başlayıb

AMEA və AR Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə martın 1-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Əyləncəli elm” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev AMEA-nın bölgələrdə elmin kütləvi təbliği ilə əlaqədar başlanan kampaniyanın fayda verəcəyinə əminliyini bildirib.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov tədbirin ümumtəhsil məktəblərinin şagirdlərində elmə marağın artırılması və ilkin elmi dünyagörüşün formalaşdırılması, onların AMEA-nın elmi müəssisə və mərkəzləri, həmçinin aparılan elmi-tədqiqatlar barədə məlumatlandırılması məqsədi daşıdığını bildirib. Qeyd edib ki,

AMEA prezidenti, akademik Akif Əlizadənin irəli sürdüyü bu təşəbbüs ölkə başçısı İlham Əliyevin imzalamış olduğu regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramında qarşıya qoyulan vəzifələrdən irəli gəlir.

AMEA, onun strukturu, dünya şöhrətli alimləri barədə məlumat verən AMEA Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov elmin populyarlaşdırılması istiqamətində bu cür tədbirlərin böyük önəm daşıdığını vurğulayıb, intellektual cəmiyyətin formalaşmasında gənclərin rolundan danışıb. Gənc alim yeniyetmələrin elmə marağını artırmaq, Azərbaycan elmi, onun gələcəyi üçün möhkəm potensial yaratmaq sahəsində səyləri birləşdirməyin vacibliyini önə çəkib. Qeyd edib ki, gənclərin potensialından səmərəli istifadə, onların elm sahəsinə daha geniş cəlb olunması bu gün AMEA-da aparılan islahatların prioritet istiqamətlərindəndir.

Tədbirdə çıxış edən Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev təhsilin inkişafına dövlət qayğısından söhbət açıb. İntellektual gənclik yetişdirilməsinin hazırda təhsil müəssisələrinin qarşısında qoyulan hədəflərdən biri olduğunu söyləyən natiq “Əyləncəli elm” layihəsinin bu işə töhfə verəcəyinə əminliyini ifadə etmiş, rayonun müəllim və şagird kollektivləri adından təşkilatçılara təşəkkürünü bildirib.

Çıxışların ardından AMEA Fizika və Kataliz və Qeyri-üzvi Kimya institutlarının gənc alimləri bu elm mərkəzləri, onların fəaliyyət istiqamətləri, aparılan elmi tədqiqatlar barədə məktəblilərə ətraflı bilgilər çatdırıblar. Gənc alimlər əyləncəli təcrübələr nümayiş etdirib, onların elmi izahını veriblər. Bu təcrübələr, elmin məişət və istehsalatdakı rolu barədəki məlumatlar şagirdlərin böyük marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: