Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.06.2017 11:24
  • A-
  • A
  • A+

Şabranda Əfzələddin Xaqani Şirvaniyə həsr olunan elmi konfrans keçirilib

Şabranda Əfzələddin Xaqani Şirvaniyə həsr olunan elmi konfrans keçirilib

Şabran şəhərində böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaniyə həsr olunan elmi konfrans keçirib.

Tədbir AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, şair və yazıçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra konfrans iştirakçıları arxeoloji qazıntılar zamanı üzə çıxarılmış qədim Şabran şəhərinin yerləşdiyi əraziyə və Xaqaninin burada həbsdə olduğu zaman saxlanıldığı ehtimal olunan zindanın qalıqlarına baxış keçiriblər.

“Xaqani poeziya evi”ndə olan qonaqlar institutun elmi nəşri olan “Ədəbiyyat məcmuəsi”nin Xaqani Şirvaniyə həsr edilmiş xüsusi buraxılışını və “Xaqani Şirvani. Ərəbcə şeirləri. Filoloji tərcümə” kitabını rayon kitabxanasına və muzeylərə hədiyyə ediblər.

Konfransda N.Novruzov çıxış edərək Prezident İlham Əliyev tərəfindən elmə, incəsənətə və ədəbiyyata yüksək qayğı göstərildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Xaqaninin həyatının müəyyən dövrü Şabranla bağlıdır və şairin xatirəsi onlar üçün əzizdir.

Tədbirdə akademik İsa Həbibbəyli çıxış edərək ölkə rəhbərliyi tərəfindən regionların inkişafına göstərilən diqqət və qayğıdan, Şabran rayonunda aparılan geniş quruculuq işlərindən danışıb. Akademik səfərin məqsədinin bölgələrdə ədəbiyyatın təbliği layihəsini davam etdirmək olduğunu deyib. Sonra Xaqani yaradıcılığından geniş bəhs edən İsa Həbibbəyli böyük söz ustadının irsinin öyrənilməsi və təbliğinin Ədəbiyyat İnstitutunun əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

Konfransda Xaqani Şirvaniyə həsr edilmiş kitabların təqdimatı da keçirilib. Azərbaycan Yazıçılar Birliyinin Ədəbi əlaqələr və bədii tərcümə mərkəzinin rəhbəri Səlim Babullaoğlu “Xaqani Şirvani. Ərəbcə şeirləri. Filoloji tərcümə” kitabının ərsəyə gəlməsindən danışıb.

Sonra Ədəbiyyat İnstitutunun professoru Əlizadə Əsgərli “Ədəbiyyat məcmuəsi”nin Xaqani Şirvaniyə həsr edilən xüsusi buraxılışı haqqında geniş məruzə ilə çıxış edib.

Konfransda Çin Sosial Elmlər Akademiyasının Etnik Ədəbiyyat İnstitutunun professoru Huanq Zhongxianq, Azərbaycan Yazıçılar Birliyinin Şabran bölməsinin rəhbəri Aydın Tağıyev və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Tədbirdə filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidovun “Xaqaninin ərəbcə şeirləri”, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun “Xaqaninin əsərlərinin AMEA Əlyazmalar İnstitutunda saxlanılan əlyazmaları”, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin “Xaqani yurdunda ədəbiyyat”, filologiya üzrə fəlsəfə doktoru Lalə Əlizadənin “Xaqani lirikasının bədii xüsusiyyətləri” və elmi işçi Elnarə Zeynalovanın “Xaqani Şirvaninin həbsxana həyatı və “Həbsiyyə” şeirləri” adlı məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: