www.science.az
16.06.2017 15:37

“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusunda konfrans keçirilib

İyunun 16-da Mərkəzi Elmi Kitabxanada AMEA-nın və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə təşkilatçılığı ilə “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusunda konfrans keçirilib. Məqsəd Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatları elmi ictimayyətin diqqətinə çatdırmaq, müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən alim və mütəxəssislərin təkliflərini dinləmək idi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iki qurum arasındakı əməkdaşlıqdan danışıb. Bildirib ki, bu əməkdaşlıq elmin kommersiyalaşdırılmasına, elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təşkilinə, eləcə də bu istiqamətdə münasibətləri inkişaf etdirməyə zəmin yaradacaq. Akademik A.Əlizadə AMEA Yüksək Texnologiyalar Parkının ərazisində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün bir sıra tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

İİTKM-nin icraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı çıxışında Azərbaycanda bilik iqtisadiyyatı quruculuğu istiqamətində həyata keçirilən islahatlardan söz açıb. O, ölkədə istehsalçı müəssisələrin məhz qabaqcıl texnologiyaların tələblərinə uyğunlaşdıqdan sonra rəqabət qabiliyyətini yüksəldə biləcəyini vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad üzrə elmlər doktoru Ədalət Muradovİqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru Nazim İmanov, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, AMEA Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vuqar Babayev və digərləri çıxış edərək Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutması üçün yüksək texnologiyalar və innovasiyanın inkişafına diqqətin artırılmasının vacibliyini qeyd ediblər. Azərbaycanda innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərin mövcud vəziyyətindən danışıblar.

Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının yaradılması iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə dövlət dəstəyinin bariz nümunəsidir.

Konfransda Azərbaycanda həyata keçirilən iqtisadi islahatların həm də innovasiya və texnologiyaların inkişafına öz müsbət töhfəsini verdiyi qeyd edilib. Bundan başqa, İİTKM-də “Azərbaycan Rəqəmsal Ticarət Qovşağının” yaradılması xüsusi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.