www.science.az
15.06.2017 09:49

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda görkəmli alim Heydər Əfəndiyevin 110 illik yubileyi qeyd edilib

İyunun 14-də AMEA M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda görkəmli alim Heydər Əfəndiyevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev Azərbaycan geokimya elminin inkişafında səmərəli xidmətləri olan Heydər Əfəndiyevin mənalı ömür yolundan, geniş elmi fəaliyyətindən, kimya sahəsinə gətirdiyi yeniliklərdən və qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, H.Əfəndiyevin çoxşaxəli elmi yaradıcılığında ona şöhrət qazandıran geokimyəvi tədqiqatları olub. Alim, eyni zamanda, bacarıqlı elm təşkilatçısı kimi uzun müddət instituta rəhbərlik edib. Onun rəhbərliyi dövründə institutun elmi-tədqiqat fəaliyyəti genişlənib, burada nadir elementlər kimyası, analitik kimya və s. kimi istiqamətlər üzrə laboratoriyalar təşkil edilib.

Tədbirdə “Heydər Əfəndiyevin Azərbaycanda geokimyanın inkişafındakı rolu” mövzusunda məruzə dinlənilib.

Akademik Vasif Babazadə, professor Hikmət Mahmud və digər çıxış edənlər H.Əfəndiyevin elmə verdiyi töhfələrdən danışıb, alimlə bağlı xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.