www.science.az
14.06.2017 12:05

Genetik Ehtiyatlar İnstitutunun ilk magistrantının dissertasiya işinin müdafiəsi keçirilib

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun (GEİ) ilk magistrantının dissertasiya işinin müdafiəsi keçirilib.

Tədbirdə İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri, professor Ramiz Əliyev bildirib ki, 2015-ci ildə AMEA-da akademik Akif Əlizadənin təşəbbüsü ilə magistratura pilləsi yaradılmış və bu iş uğurla təşkil olunmuşdur. R.Əliyev qeyd edib ki, 2015-ci ildə GEİ-yə bir magistr qəbul olmuş, tədris proqramı tanınmış universitetlərin proqramları əsasında hazırlanmışdır. GEİ-nin ilk magistrantı Şəfəq Məmmədova institutda müasir metodları öyrənmiş və dissertasiya işində nəzərdə tutulmuş tədqiqatları yüksək səviyyədə yerinə yetirmişdir.

Sonra Ş.Məmmədova “Bitkilərin seleksiyası” ixtisası üzrə dissertasiya işi haqqında məlumat verib.

Daha sonra magistrantın elmi rəhbəri, GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edərək akademiyada yaradılan magistratura təhsilinin əhəmiyyətindən danışıb.

Tədbirdə dissertasiya işinin rəsmi rəyçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Xanbala Rüstəmov, müdafiə şurasının üzvləri - biologiya üzrə elmlər doktoru, dosent Hacı Şıxlinski, biologiya üzrə fəlsəfə doktorları Hamlet Sadıqov və Mehrac Abbasov gənc magistranta gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Müdafiə zamanı AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov da iştirak edib.

Sonda Şəfəq Məmmədovanın dissertasiya işinin müdafiəsi 50, yekun olaraq isə 99 balla qiymətləndirilib və ona magistr elmi dərəcəsi verilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.